Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ölkəmizlə ərəb dünyası və Körfəz ölkələri arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək. Nəticə etibarilə, xarici siyasətimizin əsas prioritet istiqamətlərindən biri Ərəbistan Yarımadası, Körfəz ölkələri və Şimali Afrika regionudur".
Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu Prezident İlham Əliyevin Əbu-Dabi şəhərinə səfərini şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün dünya ticarətinin böyük bir hissəsi Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə, xüsusən də bu ölkənin limanları üzərindən həyata keçirilir:
"Birləşmiş Ərəb Əmirliklərində formalaşmış özünəməxsus iqtisadi mühit onu dünya ticarətinin dövr etdiyi ən böyük mərkəzlərdən birinə çevirib.
Şübhəsiz ki, Azərbaycanın inkişaf və dövlətçilik modeli müsəlman dünyasında uğurlu nümunə kimi qəbul edilir. Müstəqil siyasət, qətiyyətli mövqe və öz gücünə haqq-ədaləti bərpa etmək ənənəsi Azərbaycanın dövlət modelinin əsas tərkib hissələrindəndir. Məhz buna görə də Orta Asiyadan başlayaraq Körfəz ölkələrinə qədər bir sıra dövlətlər Azərbaycanın hərbi sahədə əməliyyat təcrübəsindən yararlanmaq, ordu modelini də mənimsəmək niyyətindədir".
O əlavə edib ki, 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək birgə hərbi təlimlərdə Azərbaycanın da iştirakı bu yanaşmanın aydın göstəricisidir:
"Bununla yanaşı, Azərbaycan dəhliz imkanlarını və dəhliz strategiyasını getdikcə daha da dərinləşdirir. Əvvəllər bu strategiya əsasən boru kəmərləri vasitəsilə reallaşdırılırdısa, bu gün artıq quru və dəmir yolu nəqliyyatı imkanları da ön plana çıxır. Yaxın perspektivdə bu tendensiya daha aydın şəkildə özünü göstərəcək.
Bu mənada strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin və Birləşmiş Ərəb Əmirliklərinin bu layihədə iştirakının Azərbaycanın gələcək enerji daşıyıcıları siyasəti kontekstində mühüm rol oynadığı qeyd edilməlidir".
H.Babaoğlu sonda vurğulayıb ki, hazırda bir çox sivilizasiyalar XXI əsrin yeni dünya nizamı çərçivəsinə uyğun şəkildə təşkilatlanmağa çalışırlar:
"Bu prosesləri müxtəlif regionlarda müşahidə etmək mümkündür. Məsələn, Avropada avrosentristlərlə avroatlantiklərin, yəni anqlo-saksonların ayrılaraq tədricən ayrıca sivilizasiya modelində formalaşmağa başladığını görürük.
Oxşar yanaşmanı Türk Dövlətləri Təşkilatının yaradılmasında və bu quruma üzv ölkələrin özünəməxsus lokal sivilizasiya kimi təşəkkül tapmasında da müşahidə edirik. Eyni zamanda, ərəb ölkələrinin Ərəb Liqası çərçivəsində təşkilatlanması da bu prosesin bir hissəsidir. Lakin mühüm məqam ondan ibarətdir ki, bütün bu strukturlar arasında əlaqələndirici və inteqrasiyaedici mexanizmlər mövcud olsun.
Bu baxımdan, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlərin inkişafı həm də sözügedən strateji əlaqələrin formalaşmasına və möhkəmlənməsinə töhfə verəcək".
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.