AZ

“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var –  DETALLAR

ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb.

Yenilik.az Sfera.az-a istinadla xəbər verir ki, DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib. Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir.
 Yeni açıqlanan sənədlər dünya mediasında geniş rezonans doğurduğu kimi, Azərbaycanla bağlı qeydlərin də üzə çıxması diqqət çəkib. Açıqlanan materiallar arasında Epşteynin müxtəlif illərdə yazdığı elektron məktublar xüsusi yer tutur. Bu məktubların bir qismində Azərbaycanın və Bakının adı birbaşa çəkilir. Sənədlərə əsasən, Epşteynin “Sultan bin Sulayem” adlı şəxslə 2011-ci və 2015-ci illərə aid yazışmaları mövcuddur.
 2011-ci il: Bakı səfəri müzakirəsi
 2011-ci ilin 30 avqust tarixli e-maildə Epşteyn qarşı tərəfə belə yazır: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?” Həmin yazışmada Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını da soruşur. Məktubda konkret səfər tarixi göstərilməsə də, Bakıya getmək ehtimalının müzakirə edildiyi aydın görünür. Lakin sənədlərdə Epşteynin 2011-ci ildə Bakıya səfər etdiyini təsdiqləyən uçuş qeydi və ya başqa rəsmi məlumat yer almır.
2015-ci il yazışmaları: “Bakı Parisdən də gözəldir”
2015-ci ilə aid başqa bir yazışmada isə Sultan bin Sulayem sentyabr ayında Bakıda olduğunu bildirir. O, Bakının fotolarını Epşteynə göndərərək şəhəri yüksək qiymətləndirir:
“Amma sənə deyim ki, Bakı çox gözəldir. Parisdən daha gözəl bir şəhərdir, inan mənə”. Həmin məktubda Epşteynin Bakıya gələcəyi təqdirdə ona qoşula biləcəyi də qeyd olunur.  Epşteyn bu məktuba cavab olaraq belə yazır: “Oktyabrın 29-u Dubaya gələ bilərəm və ordan gedə bilərik?” Bu yazışmalar Bakının Epşteynin beynəlxalq əlaqələr şəbəkəsində potensial səfər məkanı kimi nəzərdən keçirildiyini göstərsə də, onun faktiki olaraq Azərbaycana səfər edib-etmədiyi sənədlərlə təsdiqlənmir.
 Sultan bin Sulayem kimdir?
Açıqlanan sənədlərlə paralel olaraq ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar tərəfindən yayımlanan fotolar da diqqət mərkəzinə düşüb. Həmin fotolar arasında Epşteynin Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Sultan Əhməd bin Sulayemlə birgə şəkli yer alır. Lakin yazışmalarda adı çəkilən “Sultan bin Sulayem”lə fotodakı biznesmenin eyni şəxs olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib. Sultan Əhməd bin Sulayem bu yazışmalarla bağlı ictimai açıqlama verməyib.
“Merante-Baku-Important”: Konqres səfəri planları
Epşteyn sənədlərində Azərbaycanın adının keçdiyi digər diqqətçəkən məqam 2014-cü ilə aid e-maillərdir. Həmin il Epşteynin qardaşı Mark L. Epşteyn Cozef Merante adlı şəxsdən aldığı və “Merante-Baku-İmportant” başlığı ilə işarələnmiş məktubu Cefri Epşteynə göndərib. Məktubda qeyd olunur ki, ABŞ Konqres üzvlərinin 21 may-4 iyun tarixlərində Azərbaycana səfəri planlaşdırılıb, yalnız bir konqres üzvü səfəri təsdiqləyib, digərləri imtina edib, azərbaycanlı sponsorlar yaranmış vəziyyətdən narahatdır, konqresmenlərin yerinə media, maliyyə, bankçılıq, təhsil və digər sahələrdə tanınmış şəxslərin cəlb edilməsi təklif olunur, səfər “plus-one” formatında nəzərdə tutulur və bütün xərclər birinci sinif səviyyəsində qarşılanır.
HDİ-nin saytında yayımlanan məlumatlara əsasən, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub, nümayəndə heyəti Bakıda parlament üzvləri və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Epşteynin bu səfərin təşkili və nümayəndə heyətinin formalaşdırılmasında birbaşa rolunun olub-olmadığı sənədlərdə açıq göstərilmir. ABŞ Ədliyyə Nazirliyi və hüquq ekspertləri bildirir ki, Epşteynlə yazışmaların və ya əlaqələrin mövcudluğu avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Açıqlanan sənədlər ittiham aktı deyil, “müştəri siyahısı” hesab olunmur, sənədlərdə adı çəkilən ölkə və şəxslərlə bağlı hüquqi nəticə çıxarılmasına əsas vermir.
 Açıqlanan Epşteyn sənədləri göstərir ki, Azərbaycanın və Bakının adı bu materiallarda əsasən şəxsi yazışmalar, səfər planları və beynəlxalq əlaqələr kontekstində hallanır. Sənədlərdə Azərbaycan dövləti və ya rəsmi şəxslərlə bağlı hər hansı birbaşa cinayət ittihamı yer almır. Bununla belə, sənədlər Epşteynin qlobal əlaqə şəbəkəsinin miqyasını və müxtəlif ölkələrlə bağlı planlarını üzə çıxarmağa davam edir. Prosesin növbəti mərhələlərində yeni materialların açıqlanması istisna edilmir.
 
Seçilən
3
42
yenilik.az

10Mənbələr