AZ

Vatanabe Katsuya: Şəhərsalma sahəsi hazırda Azərbaycan üçün prioritet istiqamətlərdən biridir

Bakı, 3 fevral, Ceyhun Xəlilov, AZƏRTAC

Hazırda şəhərsalma sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bu sahədə ənənəvi yanaşmalar deyil, müasir və innovativ texnologiyaların tətbiqi xüsusi önəm daşıyır. Şəhərsalma prosesində yaşıl enerjidən istifadə olunması, eyni zamanda, informasiya və kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi son dərəcə vacibdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya deyib.

O bildirib ki, Yaponiyada tətbiq olunan ağıllı və avtomatlaşdırılmış şəhərsalma təcrübəsinin Azərbaycanda da tətbiqi şəhər sakinlərinin həyat keyfiyyətini yüksəltməklə ölkənin dayanıqlı inkişafına mühüm töhfə verə bilər.

“Hazırda Yaponiyada bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilir. “Ağıllı şəhər”lərin salınması ilə bağlı inkişaf etmiş texnologiyalar mövcuddur. Bu şəhərlərdə bütün proseslər müasir texnologiyalar əsasında avtomatlaşdırılmış şəkildə idarə edilir, nəticədə yaşayış daha rahat və daha keyfiyyətli olur. Əsas məqsəd şəhər sakinlərinin gündəlik həyatlarından zövq almaları və məişətdə çətinliklərlə üzləşməmələridir. Biz çox istərdik ki, Yaponiyanın şəhərsalma sahəsində topladığı bu zəngin təcrübə Azərbaycanda da tətbiq edilsin. Bununla da Yaponiya Azərbaycanın dayanıqlı inkişafına real töhfələr versin”, - deyə diplomat vurğulayıb.

Seçilən
4
azertag.az

1Mənbələr