AZ

4 km yolu piyada gedən sakinlər şikayətçidir: Avtobus yox, stansiya bağlı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivi sakinləri ictimai nəqliyyat problemi ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova şikayət ərizəsi ilə müraciət ediblər. 

Azad İstehlakçılar Birliyi tərəfindən “Cebheinfo.az”-a göndərilən şikayət ərizəsində qeyd edilir ki, Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivi sakinləri uzun illərdir, təxminən 2010-cu ildən bu günədək  normal ictimai nəqliyyatla təmin olunmayıb: “İstehlakçı hüququmuz ardıcıl pozulub. 

Bu barədə 100 nəfər istehlakçı imzası toplanıb, müraciətlər olunub. 2010-cu ildə "Geologiya" dəmir yolu stansiyasının bağlanmasından sonra əhalinin şəhərə və işə rahat şəkildə gedib-gəlməsi mümkünsüz hala gəlib. Hazırda yeganə çıxış yolu ya 108A avtobus xəttinin son dayanacağından 3-4 km məsafəni piyada qətmək, ya da "536" (əvvəlki 5B nömrəli) köhnə Mercedes 208 D 1989-1995-ci illər arasında istehsal olunmuş, qəza vəziyyətində, istismar müddəti bitmiş mikroavtobuslardan istifadə olunur. 

Bu marşrutların sərnişin tutumu 8-12 nəfərlə məhdudlaşır və pik saatlarda (səhər və axşam 19:00-a qədər) həddindən artıq sıxlıq yaranır. Bu isə yaşlı sakinlərin, azyaşlı uşaqları olan anaların və tələbələrin ciddi çətinliklərlə üzləşməsinə, işə və dərsə gecikməsinə səbəb olur. Çox vaxt insanlar məcburən 3-4 km məsafəni piyada getməli olurlar. 

Nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan avtobus hər 30 dəqiqədən bir və axşam saat 18.30 kimi işləyir. Əhali Bakidan əksəri saat 18.00 və ya 19.00-a kimi işləyir. Nəzərə alsaq ki, avtobus “Azadlıq” metrostansiyasından Goradil dayanacagina kimi ən tezi 1 saata gəlir, pik saatlarda isə bu rəqəm 1.5 saata çatır. 

Beləliklə, avtobus Goradil dayanacagında ən tezi 19.30-21.30 radələrində olur. Nəticədə axşam 3-4 km məsafəni məcbur olub qaranlıqda piyada yolu gedirlər”. 

Şikayət ərizəsinə görə, uzun müddətdir ki, bu məsələ öz həllini tapmır və əhalinin dəfələrlə etdiyi şikayətlərə baxmayaraq, yerli qurumlar tərəfindən hər hansı tədbir görülməyib: 

“Bu isə sakinlərin gündəlik həyatında həm vaxt itkisinə, həm də ciddi narahatlıqlara gətirib çıxarır. Əlavə olaraq qeyd etmək istəyirik ki, Novxanı bağları Kanalqırağı istiqamətində ikitərəfli yol mövcuddur və burada yeni, müasir avtobus xəttinin açılması mümkündür. Xüsusilə “Azadlıq” metrostansiyasından Novxanı Kanalqırağına müasir avtobus xəttinin təşkil olunması əhalinin ən əsas tələblərindən biridir. 

Eyni zamanda, "Geologiya" dəmir yolu stansiyasının bağlanması nəticəsində sürətli qatardan istifadədən məhrum qalan əhali bu gün də həmin problemi yaşayır. İnsanlar qatar dayanacağından düşdükdən sonra ünvana çatmaq üçün 3-4 km piyada yol getməyə məcbur qalırlar. Qeyd edək ki, bu məsələ ilə bağlı əhali tərəfindən çoxsaylı imzalar toplanıb, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, və aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Dəmir Yollarına göndərilib. 

Daha sonra əraziyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları baxış keçirilib. Dekabrın 12-də  Yerüstü Nəqliyyat Agentliyindən müraciətə cavab olaraq bildirilib ki, aparılan təhlillər və sərnişin tələbatı əsasında adıçəkilən yaşayış sahəsı istiqamətində yeni marşrutun təşkili yaxud əraziyə yaxın mövcud marşrutun işinin təkmilləşdirilməsi məsələsinə baxıla bilər. 

Həmçinin müraciətdə qaldırılan məsələnin araşdırılması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən alınmış məlumatda Novxanı qəsəbəsində fəaliyyət göstərən "Geoloq" dayanacağının bərpasının hazırda nəzərdə tutulmadığı, Pirşağı istiqamətində hərəkət edən Bakı-Sumqayıt-Bakı şəhərətrafı qatarları üçün Novxanı platformasında dayanacağın istismara verilməsinin məqsədəuyğun hesab edildiyi bildirilib. 

Məlumatda stansiya və platformaların yenidən layihələndirilməsi zamanı ehtiyac yarandığı halda, adıçəkilən ərazidə sərnişin platformasının inşa edilməsinin infrastruktur baxımından mümkün olduğu təqdirdə təklifə yenidən baxılacağı qeyd edilib. 

Sakinlərə bildirilib ki,  müraciətlə barədə qəbul edilmiş bu qərarla razılaşmadıqları halda qanunun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüquqları var. 

Sakinlər "Geologiya" dəmir yolu stansiyasının bərpası və istifadəyə verilməsini, “Azadlıq” metrosundan Novxanı Kanalqırağına müasir avtobus xəttinin təşkil olunmasını istəyirlər. 

Nigar 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr