“Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.
“Xüsusilə qeyd etmək lazımdır ki, xaricdə yaşayan bəzi bloqerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar. Belə davranışlar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğundur.
İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıran təbiətə malik ola bilməz. Sosial media informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır. Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün bloqerləri, tiktokerləri, ümumən sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırır”, - açıqlamada vurğulanıb.
"Cebheinfo.az"