Detoks proqramları, bahalı prosedurlar və “bədəni toksinlərdən təmizləmə” vədləri çox vaxt sadəcə marketinq təbliğatıdır. Həkimlər bildirir ki, insan bədəni özü-özünü mükəmməl şəkildə təmizləyən sistemə malikdir və sərt detokslar bu prosesi nə sürətləndirir, nə də daha təhlükəsiz edir.
E-saglam.az xəbər verir ki, bunu yüksək kateqoriyalı terapevt Olqa Aleksandrova deyib.
Mütəxəssis bildirib ki, detoksifikasiya prosesi fasiləsiz şəkildə qaraciyər, böyrəklər, bağırsaqlar, ağciyərlər və dəri tərəfindən həyata keçirilir. Bədənin əsas “filtri” olan qaraciyər iki mərhələdə işləyir: əvvəlcə zərərli maddələri zərərsizləşdirir, sonra onların orqanizmdən çıxmasına şərait yaradır.
Həkimin sözlərinə görə, “möcüzəvi detoks” axtarmaqdansa, elmi sübutlarla təsdiqlənmiş sadə prinsiplərə əməl etmək bədənin təbii təmizlənmə mexanizmlərini dəstəkləmək üçün kifayətdir.
Olqa Aleksandrova yeddi əsas qaydanı vurğulayır:
1. Toksin qəbulunu azaldın – emal olunmuş qidalar, konservantlar, süni qatqılar, spirt və artıq kofeini minimuma endirin.
2. Yüngül bişirmə üsullarını seçin – qızartma əvəzinə buxarda bişirmə, pörtləmə və soba daha sağlamdır.
3. Lifli qidaları artırın – gündə 5–6 porsiya tərəvəz, meyvə, dənli bitkilər və paxlalılar bağırsaqların işini gücləndirir.
4. Ət və şəkəri məhdudlaşdırın – həftədə 2–3 dəfə ət kifayətdir; artıq şəkər detoks proseslərini ləngidir.
5. Kifayət qədər su için – gündə ən azı iki litr. Səhərə limonlu su, tərəvəz şirələri və bitki çayları ilə başlamaq faydalıdır.
6. Hərəkəti artırın – fiziki aktivlik qan və limfa axınını yaxşılaşdırır, dərin nəfəs alma isə uçucu maddələrin çıxmasına kömək edir.
7. Sauna və ya buxar vannası (əks göstəriş yoxdursa) – dəri vasitəsilə təmizlənməni aktivləşdirir; kontrast duş isə bədəni canlandırır.
Həkim insanları reklam olunan “təmizləyici məhsullara” inanmağa çağırmayaraq bildirir ki, ən yaxşı detoks – bədəni qoruyan gündəlik sağlam vərdişlərdir.
Tərcümə: Könül Oruc
E-saglam.az