AZ

"Zəngəzur" elektrikötürmə xətti: Enerji üzərindən qurulan yeni geosiyasi arxitektura - ŞƏRH

Bakı, 3 fevral, AZƏRTAC

"Zəngəzur" elektrikötürmə xəttinin tikintisinə başlanılması Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi ən strateji infrastruktur layihələrindən biri kimi qiymətləndirilməlidir. Bu layihə regionda uzun illər formalaşmış siyasi, iqtisadi və geostrateji asılılıqları köklü şəkildə dəyişdirir. Əslində, söhbət təkcə elektrik xəttindən və enerji dəhlizindən deyil, enerji üzərindən qurulan yeni regional siyasi və enerji reallığından gedir.

Adıçəkilən layihənin texniki parametrləri onun strateji çəkisini aydın göstərir. Söhbət 330 kV gərginlikli, ikidövrəli və təxminən 1000 meqavat ötürmə gücünə malik yüksəkgərginlikli xətdən gedir. Cəbrayıl rayonundan Ağbənd istiqamətində 74 kilometr, paralel olaraq Naxçıvan Muxtar Respublikasından Ordubad sərhədinədək 105 kilometr məsafəni əhatə edən bu xətt, sonrakı mərhələdə Zəngəzur dəhlizi boyunca əlavə 44 kilometrlik bağlantı ilə vahid sistemə inteqrasiya olunacaq. Bu göstəricilər layihənin yalnız lokal deyil, regional miqyasda planlaşdırıldığını açıq şəkildə ortaya qoyur. İnfrastrukturun Azərbaycana verdiyi ilk və ən mühüm dividend enerji təhlükəsizliyidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, bu həm də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən aktiv şəkildə təşviq edilən enerji diplomatiyasının ana xəttini təşkil edir. Yeni xəttin istismara verilməsi ilə Naxçıvan Azərbaycanın əsas enerji sisteminə birbaşa bağlanır və bu, ölkənin enerji suverenliyini gücləndirən fundamental addımdır.

"Qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlər sistemində enerji asılılığı siyasi təzyiq alətinə çevrilə bildiyi üçün bu asılılığın aradan qaldırılması Azərbaycanın strateji manevr imkanlarını xeyli artırır.

Digər mühüm məqam isə Zəngəzur elektrik xəttinin, eyni zamanda, Zəngəzur dəhlizi anlayışına yeni məzmun qazandırmasıdır. İndiyədək bu dəhliz əsasən nəqliyyat və logistika kontekstində müzakirə olunurdusa, enerji infrastrukturu onun funksional dərinliyini artırır. Beləliklə, Zəngəzur təkcə yük və sərnişin daşımalarının deyil, həmçinin elektrik enerjisi axınlarının da keçdiyi çoxşaxəli strateji məkana çevrilir",- deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, regional kontekstdə də layihənin təsiri daha genişdir. Azərbaycan artıq yalnız enerji istehsalçısı və ixracatçısı deyil, eyni zamanda, enerji ötürücü və paylayıcı mərkəz kimi “enerji hub”ı rolunu gücləndirir. Hazırda Azərbaycanın elektrik istehsalı gücü 8 min meqavata yaxınlaşır, bərpaolunan enerji layihələri ilə bu rəqəmin orta müddətdə 10 min meqavatı aşması planlaşdırılır. Zəngəzur xətti bu artan potensialın regiona və daha geniş bazarlara ötürülməsi üçün yeni imkanlar yaradır. Bununla yanaşı, Azərbaycan yaşıl enerjinin istehsal olunması və Avropaya ötürülməsi layihəsini icra etməklə regionda həm ənənəvi, həm də alternativ enerji təchizatçısı kimi yeni siyasi imicini şəkilləndirir.

Xüsusilə Azərbaycan–Türkiyə enerji inteqrasiyası bu layihə ilə yeni mərhələyə daxil olur. Naxçıvanla Türkiyə arasında planlaşdırılan 400 kV-luq elektrik xətti və çevirici yarımstansiya yalnız ikitərəfli əməkdaşlıq deyil, Avropa enerji təhlükəsizliyi kontekstində də əhəmiyyət daşıyır. Avropa İttifaqının son illərdə alternativ enerji mənbələri və marşrutları axtarışında olduğu bir dövrdə, Azərbaycanın enerji dəhlizləri üzərindən oynadığı rol daha da aktuallaşır.

A.Əliyevin sözlərinə görə, siyasi baxımdan bu layihə Ermənistan üçün də yeni reallıq yaradır. Zəngəzur dəhlizi vasitəsilə formalaşan enerji və nəqliyyat infrastrukturu regionda kommunikasiyaların açılmasının alternativsiz olduğunu göstərir. Ermənistanın bu proseslərdən kənarda qalması onun iqtisadi və tranzit imkanlarını daha da məhdudlaşdırır. Dolayısı ilə Zəngəzur elektrik xətti Bakının yalnız iqtisadi deyil, siyasi rıçaqlarını da gücləndirən faktora çevrilir.

"Zəngəzur" elektrikötürmə xətti Azərbaycanın müharibədən sonra qurduğu uzunmüddətli strateji xəttin mühüm sütunlarından biridir. Bu layihə ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, Naxçıvanın blokada statusunu faktiki olaraq aradan qaldırır, Zəngəzur dəhlizinin funksional mahiyyətini dərinləşdirir və Azərbaycanın regional güc balansındakı mövqeyini daha da möhkəmləndirir. Enerji xətləri üzərindən çəkilən bu yeni xəritə, əslində, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı siyasi və iqtisadi nizamın real konturlarıdır",- deyə o əlavə edib.

Seçilən
1
2
azertag.az

3Mənbələr