AZ

Alimlər xərçəng müalicəsinin səhər saatlarında aparılmasının sağqalma müddətini uzatdığını müəyyən ediblər

Paris-Saclay Universitetinin alimlərinin apardığı araşdırmaya görə, xərçəngin immunoterapiya üsulu ilə müalicəsinin səhər saatlarında tətbiq olunması qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi xəstələrinin sağqalma müddətini demək olar ki, iki dəfə artırır.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Medicine (NatMed) jurnalında dərc olunub.

Araşdırmaya immunoterapiya və kimyaterapiyanın kombinasiyası ilə müalicə alan 210 xəstə cəlb edilib. İştirakçılara immun sisteminin “əyləclərini” zəiflədən və T-hüceyrələrinin şişə hücum etməsinə imkan verən pembrolizumab və ya sintilimab kimi nəzarət nöqtəsi inhibitorları tətbiq olunub. Xəstələrin yarısı immunoterapiyanı günorta saat 15:00-dan əvvəl, digər yarısı isə günün daha gec saatlarında alıb. Bu müalicə rejimi sağqalma baxımından həlledici hesab edilən ilk dörd müalicə dövrü ərzində davam etdirilib.

Xəstələr orta hesabla 29 ay müddətində müşahidə olunub. Nəticələr arasında fərq əhəmiyyətli olub: müalicənin erkən saatlarda aparılması sağqalma göstəricilərində təxminən ikiqat artım yaradıb. Tədqiqat müəlliflərinin fikrincə, bu təsir adətən “inqilabi” hesab olunan yeni xərçəng dərmanlarının təsiri ilə müqayisə oluna bilər, hətta bəzi hallarda onları üstələyir.

Alimlər bu nəticəni sirkadiyen ritmlərlə, yəni orqanizmin gündəlik bioloji dövrləri ilə əlaqələndirirlər. Səhər saatlarında T-hüceyrələri şiş ətrafında daha çox cəmləşir, günün irəliləyən vaxtlarında isə qan dövranına daxil olur. Bu səbəbdən immunoterapiyanın erkən tətbiqi aktiv immun hüceyrələrinin şişə çatma və onu daha effektiv şəkildə məhv etmə ehtimalını artırır.

Müəlliflər vurğulayırlar ki, müalicə vaxtının dəyişdirilməsi yeni dərman və ya texnologiyaların tətbiqini tələb etmir və terapiyanın effektivliyini artırmağın sadə yolu ola bilər. Gün ərzində optimal “zaman pəncərəsinin” olub-olmaması gələcək tədqiqatlarda daha ətraflı araşdırılacaq. Lakin mövcud məlumatlar belə xəstənin bioloji saatına uyğunlaşmağın xərçəng müalicəsinin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini göstərir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr