AZ

Keçən il Ağstafada orta aylıq əməkhaqqı 8,7 faiz artıb

2025-ci il ölkəmizin həyatında dövlət suverenliyinin möhkəmlənməsi, hüquqi dövlət quruculuğunun dərinləşməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artması baxımından xüsusi əhəmiyyət kəsb edən növbəti il kimi yadda qalmışdır. Ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlər, regionların tarazlı inkişafı, azad edilmiş ərazilərin dirçəldilməsi - davam etməsi ötən ilin yaddaqalan hadisələridir.

Bu fikirlər Ağstafada keçirilən 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağında səsləndirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov demişdir ki, dövlət başçısının regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının, həyata keçirdiyi uğurlu iqtisadi islahatların nəticəsidir ki, keçən il də Ağstafada infrastruktur yenilənmiş, abadlıq-quruculuq və yaşıllaşdırma işləri geniş vüsət almış, sakinlərin rahatlığının təmin edilməsi istiqamətində xeyli tədbirlər görülmüşdür: "2025-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmişdir. Həmçinin infrastruktur layihələri gerçəklənmiş, əhalinin məşğulluğu və sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır".

Ötən il rayon üzrə ümumi məhsul buraxılışının dəyərinin 248 milyon 274 min, o cümlədən istehsal edilən sənaye məhsullarının dəyərinin 24 milyon manat olduğunu deyən məruzəçi orta aylıq nominal əməkhaqqının 8,7 faiz artaraq 658 manata çatdığını bildirmişdir. Ağstafanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2025-ci ildə rayon üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 130 milyon manat olmuşdur. Keçən il rayon üzrə  16084 hektarda kənd təsərrüfatı bitkiləri əkilmiş və 26272 ton məhsul istehsal edilmişdir. Rayonda 2026-cı ilin məhsulu üçün müxtəlif növ kənd təsərrüfatı bitkilərinin payızlıq əkini aparılmış, artıq 9720 hektarda şum qaldırılmış və 8187 hektar taxıl səpini aparılmışdır.

Bütün regionlarda olduğu kimi, Ağstafada da abadlıq, quruculuq və yenidənqurma işləri davam etmişdir. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri hesabına rayon mərkəzi simasını dəyişmişdir. 

2025-ci ildə əhalinin elektrik enerjisi ilə təminatı da yaxşılaşmışdır. İl ərzində yararsız 36 dayaq yenisi ilə əvəz edilmiş, 6 kilometr yeni SİP kabel xətti çəkilmiş və 720 yeni metal dayaqlar quraşdırılmışdır. Müxtəlif gücə malik 

22 transformator əsaslı, 40 transformator isə cari təmir olunaraq istismara verilmişdir. Təbii qaz təminatına gəldikdə, Ağstafa şəhərində, Xətai, Yenigün kəndlərində abonentlərin qaz təchizatını gücləndirmək və onları fasiləsiz təbii qazla təmin etmək üçün diametri 159 millimetr olan qaz xəttində yenidənqurma işləri aparılmışdır. Rayon mərkəzinin bir sıra ərazilərində və kəndlərdə istismarı dayandırılmış qaz xətləri götürülmüşdür. Qarabağ müharibəsi qazilərinin və veteranlarının müraciətləri əsasında bir cox ünvanlarda müxtəlif qaz xətlərinin yeri dəyişdirilmiş, iki şəhid ailəsinin fərdi evinə qaz xətti çəkilmişdir. 

                              

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr