AZ

Ağsaqqallar Gənclər Gününü Gəncədə qeyd etdilər

Gənclər Günü münasibətilə Gəncədə Azərbaycan Ağsaqqallar Şurasının "Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlətin və sağlam cəmiyyətin təminatıdır" mövzusunda regional konfransı keçirilmişdir.

Konfransda Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər və Cəbrayıl rayonları Ağsaqqallar şuralarının və gənclər təşkilatlarının rəhbərləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin ADAU-nun, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərinin, o cümlədən kolleclərin müəllim və tələbələri iştirak etmişlər. 

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini  Bayram Yusifov çıxış edərək gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik etmiş və Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident  İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin uğurlarından   danışmışdır. Qeyd etmişdir ki, qəhrəman gənclərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində yüksək döyüş əzmi, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın Zəfər salnaməsini yazmışlar. Natiq həmçinin Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin gənclərimizin sağlam, xoşbəxt və uğurlu gələcəyi üçün gənc nəslin maarifləndirilməsində, vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərə bağlı sağlam şəkildə yetişdirilməsində yaxından iştirak etdiklərini, onların cəmiyyət üçün layiqli vətəndaşlar olaraq formalaşmasında bilik və bacarıqlarını əsirgəmədiklərini diqqətə çatdırmışdır.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, şəhid anası Nigar Məmmədova və gənclər təşkilatlarının nümayəndələri  çıxış edərək mövzu ətrafında fikirlərini səsləndirmişlər.

S.YUNİSOĞLU,

 "Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr