
Avstraliyalı alimlər müalicəyə davamlı beyin şişləri olan uşaqlar üçün hazırlanmış xərçəng əleyhinə peyvəndlərin dünyada ilk klinik sınaqlarına başlayırlar.
AFN.az Kvinslend Universitetinə (UQ) istinadən xəbər verir ki, "PaedNEO-VAX" adlı preparat yaxın aylarda ölkənin 8 uşaq xəstəxanasında test ediləcək.
Bu layihənin unikallığı onun fərdi yanaşmasında (personallaşdırılmış tibb) olmasıdır. Hər bir peyvənd pasiyentin şişindən alınan xüsusi genetik markerlər əsasında fərdi şəkildə hazırlanacaq. Sınaqlarda diaqnozu qoyulmuş və gözlənilən ömür müddəti 24 aydan az olan 70 uşaq iştirak edəcək.
Tədqiqat rəhbəri, professor Brendon Ueynrayt bildirib ki, yeni preparat COVID-19 əleyhinə tətbiq edilən mRNT texnologiyası əsasında yaradılıb. Alimlər genom sekvensiyası vasitəsilə hər bir uşağın şişindəki unikal onkomarkerləri müəyyən edərək, məhz həmin hədəflərə yönəlmiş peyvənd istehsal edəcəklər. Dörd il davam edəcək bu araşdırma terapiyanın xərçəngin inkişafını ləngidib-ləngitmədiyini və sağqalma şansını nə dərəcədə artırdığını üzə çıxaracaq.