AZ

Ulu Öndərin dəstəyi ilə böyüyən Naftalan

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən,  tarixinə və taleyinə işıq tutduğumuz Naftalanda ucaldılan əzəmətli tikililər insanın təbiətə olan sevgisinin ən bariz nümunəsidir. Naftalan şəhəri Azərbaycanın şimal-qərbində, Bakıdan 340 km məsafədə yerləşir. 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərib. 1967-ci il aprelin 28-də Naftalana respublika tabeli şəhər statusu verilib.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana siyasi hakimiyyətə gəlişindən sonra 1 şəhər, 2 kənddən ibarət Naftalanın siması xeyli dəyişib, bu şəhərdə  müalicə məqsədilə yeni binalar tikilib. İftixar hissi ilə deyə bilərik ki, xoş sədası dünyanın inkişaf etmiş  ölkələrindən, ən böyük şəhərlərindən gələn Naftalan şəhəri və buradakı müalicə mərkəzləri ölkəmizin qürur ünvanına çevrilib.   

Xatırladaq ki, Naftalan nefti Orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunub. Buradan çıxarılan neft  görünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən çox xəstəliyi müalicə etməyə imkan verən unikal kimyəvi tərkibə və şəfalı xüsusiyyətlərə malikdir. İndi bu müasir şəhər dünyanın müxtəlif xalqlarından olan insanların üz tutduqları ünvanlardandır. Naftalanın yayı quru-isti, qışı mülayim-isti keçir. "1001 dərdin dərmanı" olan  Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada tanınır. Naftalan mədənlərinin məşhur müalicəvi xüsusiyyətlərinə baxmayaraq, XIX əsrə qədər quyudan neft əl ilə alınıb. 1873-cü ildə ilk quyu qazılıb. 1890-cı ildə burada neft emalı və xəstəxana üçün  kiçik  zavod fəaliyyət göstərib. Naftalan məlhəmləri ölkənin hüdudlarından kənarda şöhrət qazanıb, hətta dünya müharibələri zamanı əsgərlər tərəfindən istifadə olunmağa başlayıb. 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dəstəyi ilə şəhərdə 2005-ci ilin may ayında 3 binadan ibarət olan "Naftalan" sağlamlıq mərkəzi,  az sonra üstün konfortlu daha 2 bina (IV və V), ümumiyyətlə, son illər müasir tələblərə cavab verən 10-dan çox sağlamlıq mərkəzi istifadəyə verilib. Hazırda bu sağlamlıq mərkəzi eyni vaxtda üç mindən çox turist qəbul etmək imkanına malikdir. 

Bir şəhər, iki kənddən ibarət Naftalanda Respublika Həmkarlar İttifaqları Konfedarasiyasının  tabeliyində olan müalicə və istirahət mərkəzlərində son iki ildə mühüm infrastruktur layihələri həyata keçirilib. Müasir tibb müəssisələri, böyük bir diaqnostika kompleksi və müalicəvi Naftalan yağı 70-dən çox  xəstəliyi müalicə etməyə imkan verir.

Milli arxitektura elementlərini özündə ehtiva edən 4 ulduzlu "Nafta" sanatoriyası şəhərin mərkəzində yerləşir. Hər tərəfi yaşıllıqlardan ibarət bu sanatoriya təbiətin şəfaverici gücü ilə müasir tibbi texnologiyaları  özündə birləşdirərək qonaqlara sakitlik,  müalicə və rahatlıq bəxş edir.

Bu barədə redaksiyamıza respublikmızın şəhər və rayonlarından, habelə dünyanın müxtəlif xarici ölkələrindən minnətdarlıq dolu müracət-məktublar daxil olur. Görkəmli tibb alimi,  Əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir: "Səhiyyə üzrə pedaqoq-alim olaraq xarici ölkələrdə bir çox simpoziumun, konfransın, beynəlxalq tədbirin iştirakçısı olmuşam. Hansı ölkədə, hansı şəhərdə olmuşamsa, orada səhiyyənin vəziyyəti, xəstəxanaların yerləşdiyi binaların memarlıq görkəmi və xidmətin keyfiyyəti ilə maraqlanmışam. Hətta bəyəndiyim şəhərə sonradan, məzuniyyət  zamanı istirahətə,  oradakı xəstəxanaya müainəyə və müalicəyə də getmişəm.  Ancaq iki il bundan öncə Naftalanı görəndə bir daha əmin oldum ki, illərlə axtardığım şəfanı burada tapmışam. Respublika Həmkarlar İttifaqının göndərişi ilə keçən il "Çinar" sanatoriyasında, bu il payızın ortalarında həyat yoldaşımla birlikdə "Nafta" sanatoriyasında müayinə və müalicə olunmuşuq. Buraya Orta Asiya, Rusiya, İsrail, Almaniya, Polşa, Çexiya və digər xarici ölkələrdən gələnlər də tərəddüdsüz etiraf edirlər ki, bu möhtəşəm binalarda yaradılan tibbi şərait, müsir avadanlıqlarla təchizat, insanlara göstərilən xidmət dünyanın ən ünlü xəstəxanaları ilə müqayisədə nəinki onlardan geridə qalmır, hətta irəlidədir. 

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın sanatoriya-kurort infrastrukturunu təşkil edən bu şəhər həm də sağlamlıq turizminin məkanlarından biri kimi xarakterizə edilir". 

Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə "Dünya, ümumiyyətlə, quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib",  deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüs və tövsiyələri ilə Naftalanda  yerli memarlıq üslubunda inşa edilən sanatoriya, ictimai və yaşayış binaları, parklar bu yerlərə xüsusi gözəllik verir.

Hazırda Azərbaycanda şəhərsalma və infrastruktur layihələri müasir standartlara uyğun şəkildə davam etdirilir, bu sahəyə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilib.  Bu, təsadüfi deyil. 2026-cı il 17-22 may tarixlərində Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, yenə də dünyanın nəzərləri Azərbaycana dikiləcək. Çünki müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə ediləcək, ən mühüm qərarlar burada qəbul olunacaq.

2026-cı il "Şəhərsalma və Memarlıq İli"nin tarixi əhəmiyyəti həm də ondadır ki, ölkəmizdə müasir memarlıq və şəhərsalma layihələri daha sürətlə icra olunacaq. Azərbaycanın şəhər, qəsəbə  və kəndlərinin  görkəmi dəyişəcək, gözəlləşəcək. Bu  sıradan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaşlandıqca cavanlaşan Naftalanda da yeni tikiləcək memarlıq nümunələri könül oxşayacaq. 

Rəhman SALMANLI, 

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr