AZ

Asiyada ilk dəfə Yura dövrünə aid amfibiya izləri aşkarlanıb

Pekin yaxınlığında tapılan fosillər 160 milyondan çox yaşı olan canlıya məxsusdur...

Çinin paytaxtı Pekin ərazisində orta Yura dövrünə aid (təxminən 174,7–161,5 milyon il əvvəl) amfibiyaya məxsus fosilləşmiş izlər aşkar edilib. Bu tapıntı Asiya ərazisində Yura dövrünə aid amfibiya izlərinin ilk elmi cəhətdən təsvir edilmiş nümunəsi hesab olunur.

Poliqon xəbər verir ki, məlumatı Sinxua Agentliyi yayıb.

Çin Yer Elmləri Universitetinin əməkdaşı Sin Lidının agentliyə verdiyi məlumata görə, bu, Çində və ümumilikdə Asiyada Yura çöküntülərində amfibiya izlərinin ilk dəfə aşkar edilərək elmi dövriyyəyə daxil edilməsidir. Alimin sözlərinə görə, tapıntı regionun qədim faunasının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, fosillər eyni daş lövhə üzərində qorunub saxlanmış iki ayaq izindən ibarətdir. Onlar Pekinə daxil olan Mentouqou rayonunda dağ yamacında aşkarlanıb. Aparılan tədqiqatlar göstərib ki, izlər böyük ehtimalla hərəkət zamanı eyni canlı tərəfindən buraxılıb. Ayaq izlərindən biri nisbətən yaxşı qorunub və onun uzunluğu təxminən 1,5 santimetr, eni isə 1,3 santimetr təşkil edir.

Mütəxəssislər vurğulayırlar ki, bu tapıntı Asiya üzrə Yura dövrü amfibiyalarının öyrənilməsində mövcud boşluqların doldurulmasına kömək edir. Eyni zamanda, o, təxminən 160 milyon il əvvəl Şimali Çinin paleocoğrafiyası, paleoekologiyası və bioloji müxtəlifliyi ilə bağlı tədqiqatlar üçün yeni elmi məlumatlar təqdim edir. Aparılan analizlər izlərin böyük ehtimalla salamandralar yarımdəstəsinə aid olduğunu göstərir.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr