AZ

Tramp Avropada ABŞ qoşunlarının sayının azaldılmasını planlaşdırmadığını bildirib

Ağ Ev rəhbəri ABŞ-nin Avropa ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında Ağ Evin Avropada yerləşdirilən Amerika hərbi kontingentinin sayını azaltmaq planlarının olub-olmaması ilə bağlı suala mənfi cavab verib. O, belə planların mövcud olmadığını bildirib və ABŞ-nin Avropa ilə “əla münasibətlərə” sahib olduğunu bəyan edib.

Bunun ardınca Donald Tramp təxminən bir yarım dəqiqə ərzində mövcud administrasiya dövründə ABŞ ordusunun sürətlə inkişaf etdiyini qeyd edib. Prezident vurğulayıb ki, hazırda ölkədə hərbi xidmətə çağırış göstəriciləri tarixdə ən yüksək səviyyədədir. Onun sözlərinə görə, quru qoşunları, hərbi-dəniz qüvvələri, hərbi-hava qüvvələri, dəniz piyadaları, kosmik qüvvələr və sahil mühafizəsi daxil olmaqla bütün strukturlara maraq artıb. Tramp bildirib ki, indi hər yerdə növbələr var və insanlar orduya qoşulmaq istəyir, çünki ölkələri ilə qürur duyurlar və ABŞ-nin işləri yaxşı gedir.

Eyni zamanda prezident əvvəlki dövlət başçısı Co Baydenin prezidentliyi dövrünü tənqid edərək, həmin vaxt Silahlı Qüvvələrə qəbul göstəricilərinin “ən pis səviyyədə” olduğunu iddia edib.

Həmin brifinqdə Donald Tramp Avropalı müttəfiqlərdən də narazılığını gizlətməyib. O, Avropanın müdafiə sahəsində ABŞ-dən asılılığından “çox məyus olduğunu” bildirib və Avropanın bu məsələdə daha ehtiyatlı davranmalı olduğunu qeyd edib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında ABŞ Rumıniyadan bir hissə hərbi qüvvəsini çıxardığını açıqlayıb və bu ölkədə yerləşdirilən Amerika hərbçilərinin sayı 1,7 mindən 1 minə endirilib. Bundan başqa, ABŞ-nin Bolqarıstan, Macarıstan və Slovakiyada da hərbi mövcudluğunu azaltmasının mümkünlüyü ilə bağlı məlumatlar yayılıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr