AZ

The Times: FIFA Rusiyanın futbol turnirlərinə buraxılması ilə bağlı səsvermə keçirməyəcək

Qurum Avropa ölkələrinin kəskin etirazından və siyasi risklərdən çəkinir...

Poliqon xəbər verir ki, The Times nəşrinin mənbələrə istinadla yaydığı məlumata görə, FIFA yaxın vaxtlarda Rusiyanın beynəlxalq futbol turnirlərinə buraxılması məsələsi ilə bağlı səsvermə keçirməyi planlaşdırmır. Bildirilir ki, FIFA Şurası bu mövzunu gündəliyə çıxarmamaq qərarına gəlib.

Mənbələrin sözlərinə görə, bu addım Avropa ölkələri və milli futbol assosiasiyaları tərəfindən yarana biləcək kəskin tənqid və müqavimətin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunur ki, Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Rusiyanın rəsmi futbol yarışlarına yenidən inteqrasiyası hazırkı mərhələdə vaxtından əvvəl və siyasi baxımdan riskli hesab olunur.

Nəşr yazır ki, FIFA daxilində Rusiyanın qayıdışı məsələsinin idman müstəvisindən çox siyasi mübahisələrə səbəb olacağına dair narahatlıq var. Xüsusilə Avropa futbol qurumlarının bu cür qərara kəskin şəkildə qarşı çıxacağı və bu durumun beynəlxalq futbol ictimaiyyətində parçalanma yaradacağı istisna edilmir.

Xatırladaq ki, Rusiya milli komandaları və klubları Ukraynada müharibə başladıqdan sonra FIFA və UEFA tərəfindən beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Həmin qərar hələ də qüvvədədir və mövcud vəziyyət dəyişmədiyi müddətdə onun yenidən nəzərdən keçirilməsi ehtimalı zəif qiymətləndirilir.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr