Türkiyənin İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə tərəfdaşlığı çərçivəsində baş tutan forum iki gün davam edəcək. Foruma 28 ölkədən 29 azərbaycanlı gənc, eləcə də Azərbaycana dost xalqları təmsil edən diaspor fəalları qatılıblar.
Forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diaspor fəaliyyətinə cəlb olunmasıdır.
Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçiriləcək. Eyni zamanda, “Azərbaycan dilinin qorunması və təbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.
Bununla yanaşı, Forum çərçivəsində Azərbaycan Diaspor Gənclərinin 2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yeni koordinatorların təqdimatı və mədəni proqramların keçirilməsi də nəzərdə tutulur.