AZ

YAP Sumqayıt şəhər təşkilatı gəncləri mükafatlandırdı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. “Müstəqil Azərbaycanın memarı - Ulu Öndər Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsinin mükafatlandırılması mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Elnarə Akimova, Tahir Mirkişili, Milli Məclisin deputatları Hicran Hüseynova, Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov, YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova, ictimaiyyət nümayəndələri, ziyalılar çıxış ediblər.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, milli maraqların qorunmasında və dövlətin strateji hədəflərinin reallaşdırılmasında mühüm rol oynayır. Çıxışlarda bildirilib ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların intellektual potensialının üzə çıxarılması və təşəbbüskarlığının dəstəklənməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir.

Tədbir çərçivəsində YAP Sumqayıt şəhər təşkilatı tərəfindən təşkil olunan “Müstəqil Azərbaycanın memarı - Ulu Öndər Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsinin mükafatlandırma mərasimi də keçirilib. Müsabiqəyə təqdim olunan yazılarda Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna rolu, müstəqil Azərbaycanın formalaşması və möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlər geniş şəkildə əks olunub.

Müsabiqənin qaliblərinə diplom və hədiyyələr, final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar, ictimai-siyasi fəaliyyətlərinə görə fərqlənən gənclərə fəxri fərmanlar verilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Seçilən
11
unikal.az

1Mənbələr