ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan iqtisadiyyatında büdcə balansının qorunması hər zaman hökumətin əsas prioritetlərindən biri olub. Lakin qlobal maliyyə risklərinin artdığı, xərclərin yüksəldiyi bir dövrdə büdcə kəsirinin kəskin böyüməsi ehtimalı yeni suallar doğurur. Belə bir vəziyyətdə hökumət fövqəladə və ya müvəqqəti əlavə vergilərə müraciət edə bilərmi? Xüsusilə “varlı təbəqə üçün əlavə vergi” modelinin Azərbaycanda tətbiqi nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda mövcud vergi yükü artıq kifayət qədər yüksəkdir:
“Azərbaycanda onsuz da vergilər o qədər də aşağı deyil. Buna görə də geniş əhali kütləsini əhatə edən əlavə vergilərin tətbiqi real görünmür. Amma müəyyən hallarda lüks vergi növlərinin tətbiqi mümkündür. Məsələn, bahalı avtomobillərə və ya qızıl zinət əşyalarına əlavə vergi qoyula bilər.”

İqtisadçının sözlərinə görə, hazırkı maliyyə vəziyyəti fövqəladə addımlar üçün ciddi əsas yaratmır:
“Ölkənin 80 milyard dollardan çox ehtiyatı var. Bu səbəbdən yaxın gələcəkdə büdcə ilə bağlı ciddi problemlərin yaşanacağını düşünmürəm. Büdcə kəsiri artsa belə, hökumət ilk mərhələdə ehtiyat fondlardan istifadə etməyə üstünlük verəcək. Əlavə vergilər isə yalnız son variant kimi, daha çox lüks istehlak sahələrini hədəfləyə bilər”
Beləliklə, “varlı təbəqə üçün əlavə vergi” modeli tam istisna olunmasa da, hazırkı şəraitdə genişmiqyaslı vergi artımlarının gündəmdə olmadığı bildirilir.
Aynurə İsmayıl
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.