Son günlər qlobal maliyyə bazarlarında müşahidə olunan dinamika investorların davranışında ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Kriptovalyutaların ucuzlaşması fonunda qızıl və gümüşün tarixi maksimumları yeniləməsi kapitalın daha təhlükəsiz aktivlərə yönəldiyini ortaya qoyur. Bu tendensiya xüsusilə "risk-off" mərhələsinin gücləndiyini nümayiş etdirir.
Mövzunu "Report"a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev bildirir ki, "Bitcoin"in qiymətinin 77 min ABŞ dollarına qədər geriləməsi təsadüfi proses deyil və bir sıra makroiqtisadi amillərlə izah olunur.
Onun sözlərinə görə, artan geosiyasi risklər, qlobal iqtisadi qeyri-müəyyənlik və monetar siyasətlə bağlı gözləntilər investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub: "Hazırda bazarlarda klassik "risk-off" davranışı müşahidə olunur. Kapital daha dəyişkən və spekulyativ alətlərdən çıxaraq təhlükəsiz liman sayılan aktivlərə yönəlir. "Bitcoin" institusional səviyyədə qəbul edilsə də, hələ də yüksək volatilliyə malik riskli aktiv kimi qiymətləndirilir, belə dövrlərdə satış təzyiqi ilə üzləşir".
Ekspert qeyd edib ki, ikinci mühüm amil kapital axınlarının strukturunda baş verən dəyişikliklə bağlıdır: "Qızıl və gümüşün rekord qiymətlərə yüksəlməsi investorların inflyasiya, valyuta dəyərsizləşməsi və maliyyə sisteminə olan etimad risklərinə qarşı fiziki aktivləri daha etibarlı hesab etdiyini göstərir".
E. Quliyev əlavə edib ki, xüsusilə gümüşün həm sənaye metalı, həm də investisiya aləti kimi istifadə olunması bu aktivə tələbi artırır: "Bu proses nəticəsində kriptovalyuta bazarına daxil olan likvidliyin bir hissəsi qiymətli metallara yönəlir. Yəni söhbət kriptovalyutaya marağın itməsindən yox, kapitalın müvəqqəti daha təhlükəsiz sahələrə keçməsindən gedir. Nəzəri baxımdan "Bitcoin" "rəqəmsal qızıl" kimi təqdim olunsa da, praktik bazar davranışı fərqli mənzərə ortaya qoyur".
Onun fikrincə, qısa və orta müddətli dövrlərdə "Bitcoin" daha çox texnoloji və riskli maliyyə aktivləri kimi qiymətləndirilir, qızıl və gümüş isə qeyri-müəyyənlik zamanı əsas kapital qoruma aləti rolunu oynayır.
Nəticə etibarilə, ekspert hesab edir ki, hazırkı ucuzlaşma struktur böhran deyil: "Bitcoin"də eniş fundamental zəifləmə demək deyil. Bu, qlobal risklərin yenidən qiymətləndirilməsi prosesidir. Tarixi təcrübə göstərir ki, bazarlar müəyyən müddətdən sonra balanslaşır və risk iştahı bərpa olunduqda kriptovalyutalar yenidən kapital axınlarından faydalanır".
Digər iqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, kriptovalyuta bazarı likvidlikdən birbaşa asılıdır və sərbəst pul kütləsinin azalması bu sektora ilk təsir edən amillərdəndir.
Onun sözlərinə görə, ABŞ-də monetar siyasətlə bağlı gözləntilər, Federal Ehtiyat Sistemində (FED) mümkün sərtləşmə ehtimalları investor davranışını dəyişir: "Kriptovalyuta bazarı daha çox likvidlik hesabına böyüyən və ondan qidalanan bazardır. Əgər pul dövriyyəsinə məhdudiyyətlər tətbiq edilirsə və bazarda likvidlik azalırsa, bu, ilk növbədə "Bitcoin" və digər riskli aktivlərə təzyiq göstərir. Belə şəraitdə kripto bazarı likvidlik riskləri ilə üzləşir".
Ekspert əlavə edir ki, təkcə monetar siyasət deyil, geosiyasi gərginliklər də bazara mənfi təsir edir: "Xüsusilə ABŞ–İran münasibətlərində artan risklər investorları daha konservativ mövqeyə keçirir. Qeyri-müəyyənlik artdıqca investorlar vəsaitlərini daha etibarlı hesab olunan alətlərə yönəldirlər. Bu isə kriptovalyutalardan kapital çıxışını sürətləndirir. Son günlərdə bazarda 40 %-ə yaxın dəyər itkisi məhz bu amillərlə bağlıdır".
R.Həsənovun fikrincə, psixoloji faktorlar da prosesdə mühüm rol oynayır: "Qiymətlərin sürətlə aşağı düşməsi bazarda panika yaradır və satışları daha da artırır. Qiymətlər düşdükcə qorxu effekti güclənir, iştirakçılar kütləvi şəkildə satışa keçir. Bu isə "hype" və panika dalğası yaradaraq enişi daha da dərinləşdirir".
Ekspert hesab edir ki, yaxın dövr üçün dəqiq proqnoz vermək çətindir: "Bu, həm FED-in siyasətindən, həm də kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı qərarlardan asılı olacaq. Mərkəzi bankların nəzarəti gücləndirməsi və bazarın tənzimlənməsi ilə bağlı təşəbbüslər artarsa, kriptovalyutalara əlavə təzyiq yarana bilər. Bu bazar isə təbiətcə sərt nəzarəti sevmir".
Qızıl kriptovalyutalara alternativə çevrilir
R.Həsənov qeyd edir ki, risklərin artdığı dövrlərdə investorlar ənənəvi olaraq qızılı "təhlükəsiz liman" kimi seçirlər. Bu isə kriptovalyutalardan vəsait axınının azalmasına səbəb olur.
Onun sözlərinə görə, qızıl son dövrdə ən gəlirli investisiya alətlərindən birinə çevrilib: "2025-ci ildə qızıl real gəlir baxımından ən cəlbedici alətlərdən biri olub. 2026-cı ilin əvvəlində isə qiymətlər təxminən 13 % artaraq tarixi maksimumlara çatıb. Bu da investorları kriptovalyutalardan qızıla yönəldir".
Ekspert deyir ki, qızıl və kriptovalyutalar arasında müəyyən korrelyasiya olsa da, birbaşa asılılıqdan danışmaq çətindir: "Risk artdıqca kapital qızıla keçir. Bu proses kriptovalyutalara mənfi təsir etsə də, əlaqənin dəqiq səviyyəsini müəyyən etmək mümkün deyil".
Maliyyəçi-ekspert Xalid Kərimov isə deyir ki, "Bitcoin"in əvvəlki bahalaşması əsasən real iqtisadi əsaslara deyil, daha çox spekulyativ xəbərlərə və gözləntilərə söykənib: "Bitcoin"in qiymət artımının ciddi fundamental səbəbləri yox idi. Daha çox bəyanatlar, xəbərlər və gözləntilər fonunda bahalaşdı. Məsələn, ABŞ-də siyasi dəyişikliklərdən sonra "Bitcoin"in strateji ehtiyat aktivinə çevriləcəyi ilə bağlı fikirlər yayıldı və bu cür xəbərlər bazara kütləvi axın yaratdı. Nəticədə qiymətlər 3-4 dəfə artdı".
Kriptovalyutanın daxili dəyəri yoxdur
Onun fikrincə, kriptovalyutalar investor portfelində ən riskli seqment sayılır: "Bitcoin"in daxili dəyəri yoxdur, yalnız mübadilə dəyəri var. Yəni onu alan varsa, qiyməti var. Alıcı olmadıqda qiymət sıfıra da düşə bilər. Bu səbəbdən kriptovalyutalar yüksək riskli aktivlər kateqoriyasına daxildir. Qlobal iqtisadi və siyasi risklər artdıqca investorlar portfellərindəki riskli aktivləri azaltmağa çalışırlar və ilk növbədə kriptovalyutalardan çıxırlar. Risklər yüksələndə investorlar daha təhlükəsiz alətlərə – qızıl və müdafiə xarakterli aktivlərə yönəlirlər. Kriptovalyuta isə portfeldə ən riskli hissə olduğu üçün oradan çıxışlar sürətlənir".
Likvidasiyalar enişi dərinləşdirir
Ekspert bildirib ki, qiymət azalmasını sürətləndirən digər amil birjalardakı borclu mövqelərin bağlanmasıdır.
Onun sözlərinə görə, bir çox investor borc vəsait hesabına "Bitcoin" alır və qiymətlər düşəndə girov qoyulan portfellər avtomatik satılır: "Qiymətlər enəndə "margin call" və likvidasiya mexanizmləri işə düşür. Sistem avtomatik olaraq aktivləri satır ki, borclar bağlansın. Bu isə satış təzyiqini artıraraq enişi daha da dərinləşdirir".
X.Kərimov əlavə edir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilər də bazara təsir göstərir. "Faizlərin yüksək qalması və yaxud monetar sərtləşmə riskli aktivlər üçün mənfi siqnaldır. Bu fonda iri banklar və institusional investorlar da kriptovalyutalardakı mövqelərini azaltmağa başlayıblar".
Qızıl kriptovalyutaya alternativ kimi çıxış edir
Ekspertin fikrincə, risklərin artdığı dövrlərdə kapital ənənəvi olaraq qızıla yönəlir, bu proses kriptovalyuta bazarından vəsait çıxışını gücləndirir: "Qızıl təhlükəsiz liman hesab olunur. İnvestorlar riskli aktivlərdən çıxıb qızıla keçir. Bu da "Bitcoin"ə marağı azaldır. Son dövrdə qızılın bahalaşması da məhz bu səbəbdəndir".
Onun sözlərinə görə, "Bitcoin rəqəmsal qızıldır" tezisi praktikada özünü doğrultmayıb: "Bitcoin" riskli aktivdir, qızıl isə qoruyucu aktivdir. Onlar eyni kateqoriyada deyil. Buna görə də risk artanda investorlar "Bitcoin"ə yox, qızıla üstünlük verirlər".
Hazırda qlobal kriptovalyuta bazarının ümumi dəyəri təxminən 2,6–2,7 trilyon ABŞ dolları səviyyəsindədir və bu rəqəm bazarda son dəyişikliklərə görə dalğalanır. "Bitcoin" bu bazar daxilində hələ də lider mövqedədir və bazar kapitallaşmasının təxminən 60 %-ni təşkil edir.
Qlobal kriptovalyuta bazarında kapitallaşmaya görə ilk üçlükdə yer alan aktivlərdən "Bitcoin" (BTC) təxminən 77 800 ABŞ dolları, "Ethereum" (ETH) 2 300 ABŞ dolları, "Binance Coin" (BNB) isə 765 ABŞ dolları civarında ticarət olunur. Qiymətlər bazarda real vaxt rejimində formalaşdığı üçün gün ərzində dəyişə bilər.