“Bu gün cəmiyyətimizin əsas dayaqlarından biri olan gənclər Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal mövqe tutur. Onların təşəbbüskarlığı, enerjisi və əzmkarlığı ölkə həyatının bütün sahələrində özünü qabarıq şəkildə göstərir. Azad və sabit bir dövlətdə yaşayan Azərbaycan gəncləri müasir imkanlardan səmərəli istifadə edərək öz gələcəklərini inamla formalaşdırırlar”.
Bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi mediaya açıqlamasında bildirib.
2 Fevral – Azərbaycan Gəncləri Gününün məhz Ulu Öndər Heydər Əliyevin 1997-ci il tarixli tarixi Sərəncamına əsasən elan olunduğunu xatırladan siyasətçi qeyd edib ki, gənclərin inkişafına yönəlik dövlət siyasətinin təməli məhz Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə qoyulub.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək gənclərin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib: “Məhz dövlətin gənclərə göstərdiyi davamlı dəstəyin nəticəsində Azərbaycan gəncliyində özünə, istedadına və gücünə inam hissi daha da möhkəmlənib.Prezident İlham Əliyevin gənclərin potensialının üzə çıxarılmasına, onların vətənpərvər, savadlı kadrlar kimi formalaşmasına, gənc ailələrin sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş qərarları dövlətin uzaqgörən və məqsədyönlü siyasətinin bariz nümunəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənclərin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə və kreativ gəncliyin formalaşmasına geniş imkanlar yaradıb.
Partiya sədri xatırladıb ki, bu siyasət çərçivəsində 2007-ci il “Gənclər ili” elan edilmiş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Gənclərin ahəngdar inkişafı, asudə vaxtının səmərəli təşkili, psixoloji, hüquqi və informasiya dəstəyi məqsədilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi də ilbəil genişlənir. İl ərzində Gənclər evlərində keçirilən 6 minə yaxın tədbirə 113 minə qədərgənc cəlb olunub.
2013-cü il 2 iyul tarixində Prezident İlham Əliyevin mühüm təşəbbüsü ilə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib. Bu mükafat elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində fərqlənən 10 nəfər gəncə hər il 10 000 manat məbləğində təqdim olunur. Bundan əlavə, gənc kadrların irəli çəkilməsi siyasətinin tərkib hissəsi olaraq “Yüksəliş” müsabiqəsi keçirilir.
Adəm İsmayıl Bakuvi qeyd edir ki,bu gün ölkədə fəal gəncləri öz ətrafına toplayan könüllülük hərəktının əsası da 2009-cu ildə - “Könüllü fəaliyyət haqqında” qanunun qəbulu ilə qoyulub. 2020-ci il “Könüllülər ili” elan olunub. Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən təsdiq edilən sənədlər sırasında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində indiyədək 5000-dən artıq Azərbaycan gənci dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanıb. Bu proqramın icrası indi də davam edir və 2022–2028-ci illəri əhatə edən üzrə Dövlət Proqramına əsasən isə hər il 500-dək gəncin xaricdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulur”.