AZ

İRİA: Azərbaycan startaplarının xarici xarici ölkələrdə fəaliyyətinin dəstəklənməsi uğurla davam edir

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan startaplarının xarici ölkələrdə fəaliyyətinin dəstəklənməsi və texnoparklarda yaradılan innovativ məhsulların beynəlxalq təqdimatı uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov illik mətbuat konfransında çıxışı zamanı bildirib.

R.Xalıqov qeyd edib ki, texnopark izləyicilərinin məhsulları həm dövlət qurumlarına, həm də xarici ölkələrə təqdim edilir və bu, ölkə startaplarının xarici bazarlarda iqtisadi rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir. Hazırda Azərbaycanda startap ekosistemində 6 mindən çox iştirakçı fəaliyyət göstərir və onların potensialı yüksək qiymətləndirilir.

Sədr müavini əlavə edib ki, startapların xarici bazarlara çıxışı, innovativ məhsulların kommersiyalaşdırılması və texnopark infrastrukturlarından istifadə onların beynəlxalq əməkdaşlıq imkanlarını artırır və ölkənin innovasiya sektorunun inkişafına töhfə verir.

AZƏRTAC-ın sualına cavab olaraq, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, ölkəmizdə startapların maliyyə vəsaitlərinə əlçatanlığının artırılması istiqamətində işlər aparılır: “Ötən il agentliyin birbaşa və dolayı vasitəsilə iştirak etdiyi üç vençur fond formalaşdırılıb. Həm fondlar, həmçinin beynəlxalq vençur fondlar vasitəsilə qeyd olunduğu qədər startaplara ilkin maliyyə vəsaiti ayrılıb. Lakin bu vəsaitin həcmi bizi qane etmir və bu istiqamətdə işlər aparılır. Həm beynəlxalq vençur fondlarla əməkdaşlıq edirik, eləcə də onların ölkəmizə gəlməsi istiqamətindəki fəaliyyətin dəstəklənməsi, eyni zamanda ölkəmizdə daha çox startapçıların formalaşması, yeni fikir və ideyaların, onların yaratdığı startapların cəlbediciliyinin artırılması istiqamətində işlər görülür. Əsas məsələ qanunvericiliyinin formalaşdırılması il bağlıdır. Düşünürük ki, bu il ərzində, ilin qısa bir dövrü ərzində müvafiq sahədə qanunvericiliyin qəbul olması istiqamətində addımlarımızı uğurlu ata biləcəyik və bundan sonra bu rəqəmlər kifayət qədər sürətlə yüksələcək”, - deyə Fərid Osmanov əlavə edib.

 

Seçilən
24
1
azertag.az

2Mənbələr