Ankara, 2 fevral, AZƏRTAC
Samsun-Trabzon-Sarp dəmir yolu layihəsi (Gürcüstan sərhədində) Türkiyənin beş Qara dəniz vilayəti arasında nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə yeni strateji dəhliz yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
Türkiyənin nəqliyyat nazirinin sözlərinə görə, 513 kilometrlik dəmir yolu ölkənin şimal-şərqində sərnişin və yük daşımalarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq, Anadolunun bu hissəsinin inkişafına əhəmiyyətli töhfə verəcək. Nazir bildirib ki, bölgədə yol tıxacları da əhəmiyyətli dərəcədə azaldılacaq A. Uraloğlu əlavə edib ki, yeni dəmir yolu layihəsinin bir hissəsi kimi planlaşdırılan Erzincan-Trabzon dəmir yolu xətti ölkənin Qara dəniz bölgəsi ilə Türkiyənin cənubu arasında güclü əlaqə yaradacaq və bununla da onu beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya edəcək.
Nazir izah edib ki, 14 stansiyanın tikintisi planlaşdırılır, bundan başqa, sərnişin daşımalarının həcmi 12 milyon nəfərə, yük daşımalarının həcmi isə 14 milyon tona çatacaq. Qatarlar saatda 250 kilometrə qədər sürətə çata biləcək”.
O, layihə üzrə ilkin işlərin 2026-cı ildə başlaya biləcəyini istisna etməyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara