AZ

Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır

Emal

Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

Milli Məclisin bu gün keçirilən iclasında "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əlavələr edilməsi təklif olunub.

Əlavələrə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə bilər. Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçiriləcək.

Bu tələbləri pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar.

Bu qanun Azərbaycan Respublikasının "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minəcək.

Qeyd edək ki, layihə ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Kimberli Prosesi emal edilməmiş almazların dövriyyəsini tənzimləyən beynəlxalq ticarət kanallarından "münaqişəli" almazların kənarlaşdırılmasına hədəflənmiş daimi fəaliyyət göstərən dövlətlərarası konfransdır. "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə əsasən hər bir üzv ölkənin emal edilməmiş almazların ixracına və idxalına nəzarəti həyata keçirən səlahiyyətli qurumu müəyyən olunmalı, ölkəyə gətirilən və ölkədən aparılan almazlara nəzarətın həyata keçirilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən rəy verilməli, eləcə də ixrac zamanı emal edilməmiş almazlar Kimberli Prosesinin tələblərinə uyğun olan sertifikatla müşayiət olunmalıdır. Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə məsuliyyət tədbirləri müəyyən olunmalıdır. Adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə ölkə başçısı tərəfindən "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında" 25 fevral 2025-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Qanun qəbul edildikdən sonra "Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları" təsdiq ediləcək.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamında emal edilməmiş almaza dövlət nəzarəti sahəsindəki fəaliyyətin rəqəmsallaşdırılması, bu sahədə mühafizənin təşkili, müvafiq laboratoriyaların yaradılması və bu kimi digər təşkilati məsələlər də nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Seçilən
13
27
xalqcebhesi.az

10Mənbələr