AZ

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edib

BAKI,TurkicWorld

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək.

TurkicWorld-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiya 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilib.

Sənəd Preambula və 14 maddədən ibarətdir.

Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölüm hallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında milli siyasət, milli sistem və milli proqramları hazırlamaqla əməyin təhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsini təşviq edir və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədlərində müəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem və milli proqramlar vasitəsilə fəal tədbirlər görür.

Hər bir üzv işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlarla məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir, tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirir, o cümlədən əməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyib hazırlayır, həyata keçirir, monitorinq edir, qiymətləndirir və dövri olaraq nəzərdən keçirir. Milli proqram geniş şəkildə ictimaiyyətə çatdırılır və mümkün olduğu qədər ali milli hakimiyyət orqanları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Hər bir üzv milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq edir.

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Seçilən
3
2
turkic.world

3Mənbələr