Bakıda sələmçini öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Elçin Vəliyevin qızı Aytac Vəliyeva şahid kimi məhkəmədə ifadə verib.
Şahid ifadəsində nənəsi Təravət Cəfərxanovanın həqiqətən də sələmə pul verdiyini təsdiqləyib:
"Atam nənəmdən bir neçə dəfə borca pul götürmüşdü, həmişə də vaxtında qaytarırdı. Sonuncu dəfə götürəndə bir az gecikdirdi, ona görə də söz-söhbətləri olub. Atamın fikri var idi ki, özünə toy edib pul yığsın və həmin pulla da nənəmin borcunu qaytarsın".
Şahid atasının nənəsini qətlə yetirməsi ilə bağlı verilən sualı cavablandıraraq vurğulayıb ki, hadisə borcu qaytarmamağa görə deyil, nənəsinin ona söyüş söyməsinə görə baş verib.
Daha sonra mərhum Təravət Cəfərxanovanın qızı və əvvəllər təqsirləndirilən Elçin Vəliyevlə qeyri-rəsmi nikahda yaşayan R.Q.-nin şahid kimi ifadəsi dinlənilib.
Şahid ifadəsində deyib ki, Elçin Vəliyev onun anasından aldığı pulu qaytarmaq əvəzinə, gedib ondan yenidən borca pul istəyib. Şahidin dediyinə görə, Təravət Cəfərxanova ona pul verməkdən imtina etdikdən sonra Elçin Vəliyev 70 yaşlı qadına çoxsaylı bıçaq zərbələri endirib.
Növbəti proses fevralın 16-na təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşğul olan Təranə Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təranə Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri üzrə cinayət işi açılıb, E.Vəliyev təqsirləndirilən şəxs qismində cəlb olunub.