AZ

Çin Myanmardakı fırıldaqçılıq şəbəkəsi ilə bağlı daha dörd nəfəri edam edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin Myanmarda fəaliyyət göstərən fırıldaqçılıq və qanunsuz qumar şəbəkəsini idarə etməkdə, eləcə də altı Çin vətəndaşının ölümünə səbəb olmaqda təqsirli bilinən dörd nəfəri edam edib.

Bizimyol.info xəbər verir ki, Çinin cənubunda yerləşən Şençjen Şəhər Orta Xalq Məhkəməsi bazar ertəsi səhər yaydığı bəyanatda edamların həyata keçirildiyini açıqlayıb. Lakin edamların dəqiq vaxtı bildirilməyib.

Qeyd edək ki, ötən həftə Myanmarda fırıldaqçılıq şəbəkəsini idarə etməkdə təqsirli bilinən daha 11 nəfərin edam edildiyi elan olunmuşdu.

Şençjen məhkəməsi noyabr ayında fırıldaqçılıq şəbəkələri və kazinolar şəbəkəsini idarə etməkdə ittiham olunan beş nəfərə ölüm hökmü çıxarmışdı. Təqsirləndirilən şəxslərdən biri – qrupun rəhbəri Bai Suoçenq – hökm icra olunmazdan əvvəl xəstəlikdən vəfat edib.

Məhkəmənin məlumatına görə, qrup Çinlə sərhəddə yerləşən Myanmanın Kokanq bölgəsində sənaye parkları yaradaraq oradan qumar və telekommunikasiya fırıldaqları həyata keçirib. Bu fəaliyyətlər adam oğurluğu, şantaj, məcburi fahişəlik, narkotiklərin istehsalı və qaçaqmalçılığı kimi ağır cinayətlərlə müşayiət olunub.

Cinayətkarlar qurbanları ümumilikdə 29 milyard yuandan (təxminən 4,2 milyard ABŞ dolları) çox məbləğdə aldadıb, altı Çin vətəndaşının ölümünə, digərlərinin isə xəsarət almasına səbəb olublar.

Məhkəmənin bəyanatında bildirilir ki, “cinayətlər son dərəcə ağır olub, xüsusilə ciddi şərait və nəticələrə yol açaraq cəmiyyət üçün böyük təhlükə yaradıb”.

Təqsirləndirilən şəxslər hökmə apellyasiya şikayəti versələr də, Quandonq Əyalət Ali Xalq Məhkəməsi bu müraciətləri rədd edib.

Edamlar Pekinin Cənub-Şərqi Asiyada, xüsusilə Myanma, Kamboca və Laosda sənaye miqyasında fəaliyyət göstərən fırıldaqçılıq şəbəkəsinə qarşı apardığı genişmiqyaslı mübarizənin tərkib hissəsidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
bizimyol.info

1Mənbələr