Mətbuat yazır ki, bəzi universitetlər müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçiblər. Differensial maaş sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. 3 mərhələli prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndiriləcək. Yeni sistem maaş artımını dərəcələr üzrə edəcəkdir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları 100 %, 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu artım cəmi 100 nəfərə aid olacaq. Bu çox uğursuz və sosial-iqtisadi baxımdan səvh qərardır. Bu rəqabəti qismən artırsa da, az sayda müəllimə aid olacaqdır, ümjumi say dəyişməyəcək- 100 nəfər.
Bu artım ortalama 10 % müəllimi əhatə edə bilər. Bəs yerdə qalan 90 % müəllimin sosial müdafiəsi necə olsun? Onlar nə etsinlər? Bazarda qiymət artımı yerdə qalan 90 % müəllimə təsir etmir ki? Bu qərar yarımçıq və ədalətsizdir. Yaxşı olardı ki, müəyyən şkalalarla artım olardı, reytinqlə yox. Onsuz da yazılan məqalələr elmə real olaraq heç nə vermir. Elmi məhsuldarlıq və iqtisadi tərəqqi məqalə sayı ilə təyin edilə bilməz. Əgər universitetlər belə məhsuldardırsa, ölkə iqtisadiyyatı və universitetlərin özləri bu "elm"dən nə qədər pul qazanıb? Artıq postneft dövrünə az qalıb, çatırıq ona, hanı universitetlərin startpları, innovasiyaları, elmi məhsulları? Universitetlər bu məqalələrdən ölkəyə nə qədər pul qazandırıb? heç nə! Əksinə, ildə bir neçə milyon dollar ölkədən çıxır, xarici jurnallara sərf edilir, yalançı reytinqlər qazanmaq üçün. Yəni, bu maaş artımı hamıya aid olmalıdır.
Məsələn, yüksək reytinqli 100 müəllimin maaşı 60 %, yerdə qalan 90 % müəllimin maaşı isə 40 % artardı.
Qiymət artımı hamıya aiddirsə, maaş artımı da hamıya aid olmalıdır. "Pul yoxdur" söhbəti, bəhanədir. ETN hər universitetdən öz yaratdığı və təhsilə hələ də heç bir faydası olmayan TİF Fonduna 1-1,5 milyon manat civarında, zorla qopardığı vəsaiti universitet heyətinin maaşına əlavə kimi vermək olardı.
Digər mənbə isə universitetlərdə təmirlərin azaldılması, pula qənaət edilməsi ola bilər. Bu təmirin nə elmə, nə təhsilə, nə də ümumi inkişafa heç bir faydası yoxdur. Sovet dönəmində universitetlər 10 ildə bir dəfə təmir edilirdi. Bu da 10 il kifayət edirdi. Amma elm də, təhsil də vardı. İndi 30 ildir hər il universitetlər təmir edilir, amma inkişaf yoxdur, çünki, inkişafa pul qalmır. Keçən il təkcə 2 universitet təmirə 35 milyon manat sərf edib. Bəs maaş artımına nə qədər sərf ediblər? Layihələrə, qrantlara nə qədər sərf ediblər? Çox az. Axı layihə və qrantlar həm inkişafa, həm də savadlı müəllimlərin əlavə pul qazanmasına imkan verə bilər. Təhsildə Avropa standartı axtarırıq, bunun üçün müəllimlərə Avropa universitetlərində olan maaşa yaxın maaş verməliyik, qrantlar və laayihələr verməliyik. 10 % müəllimə maaş artırmaqla, universiteti inkişaf etdirmək mümkün deyil.
İlham Əhmədov,
Dosent, təhsil eksperti