AZ

Könül Nurullayeva: “Bu ölkənin taleyi gənclərin əlindədir”

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkənin gələcəyini formalaşdıran əsas sosial təbəqəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müstəqil Azərbaycan gəncliyi bu gün yalnız sabahın qurucusu deyil, eyni zamanda dövlətçiliyin möhkəmlənməsində fəal iştirak edən aparıcı qüvvədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan gəncləri vətənpərvər, savadlı və təşəbbüskar nəsil kimi yetişir. Milli Məclisin deputatı Könül Nurullayevanın fikrincə, bu yanaşma ölkənin davamlı inkişafının və tarixi nailiyyətlərinin əsas təminatçısıdır.

Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri gənclər qarşısında mühüm vəzifələr müəyyənləşdirərək vətənpərvər nəslin formalaşmasına güclü təkan verib:

“Təsadüfi deyil ki, 1993-cü ildən etibarən gənclərə xüsusi diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biridir. Son 33 ildə gənclər öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcəyi ilə eyniləşdirir.

Gənclərin potensialından səmərəli istifadə olunması və onların beynəlxalq təmsilçiliyinə göstərilən dəstək müasir Azərbaycanın inkişafını şərtləndirən əsas amillərdəndir. Prezident İlham Əliyevin gənclərin potensialının reallaşdırılmasına, onların savadlı, vətənpərvər kadrlar kimi yetişməsinə və gənc ailələrin sosial təminatına yönəlmiş tədbirləri uzaqgörən dövlət siyasətinin bariz nümunəsidir. Məhz bu dəstək nəticəsində Azərbaycan gəncliyində özünə, bilik və bacarıqlarına inam daha da güclənib”.

Könül Nurullayeva bildirib ki, dövlət bu gün sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, məşğulluq və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün geniş imkanlar yaradır, risk qrupunda olan gənclərin sosial adaptasiyası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir:

“Gənclərin mənəvi-əxlaqi tərbiyəsi, mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlığın qorunması və fiziki inkişafın təmin olunması əsas prioritetlər sırasındadır. Düzgün müəyyənləşdirilmiş gənclər strategiyası nəticəsində Azərbaycan gəncləri müxtəlif sahələrdə mühüm uğurlar qazanır.

Heydər Əliyev Fondunun Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafında mühüm rolu var. Fond minlərlə layihə vasitəsilə gənclərin intellektual və sosial potensialının gücləndirilməsinə töhfə verir. Müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda göstərdiyi fədakarlıq bütövlükdə dövlət siyasətinin və cəmiyyətin uğurudur. Milli-mənəvi dəyərlərin qorunması gənclərin sağlam düşüncəli, yüksək mənəviyyatlı və intellektual formada yetişməsinə zəmin yaradıb. Gənclər cəmiyyətin aparıcı qüvvəsidir və inkişaf məhz onların fəallığı ilə mümkündür”.

Deputat bildirib ki, gənclərin ictimai-siyasi fəallığının artırılması məqsədilə həyata keçirilən Dövlət Proqramları və idarəetmədə gənc mütəxəssislərə üstünlük verilməsi gənclər siyasətinin real nəticələridir:

“Gənclər siyasətində milli və dövlətçilik maraqlarının əsas götürülməsi 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb.Vətən müharibəsində əsas missiyanı Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclər yerinə yetirdi. Onlar qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdilər. Azərbaycan gənclərinin Zəfərin əldə olunmasında misilsiz rolu bir daha sübut etdi ki, sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin əsas dayağıdır. O əlavə edib ki, gənclər həm də cəmiyyətin və dövlətin inkişaf təməlidir”.

Deputat gənc idmançıların uğurlarını da xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan bu gün dünya miqyasında güclü idman dövləti kimi tanınır:

“1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin təşəbbüsü ilə bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Azərbaycan bu gün həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkədir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr