AZ

Gələcəyə hesablanmış strateji kursun uğurlu nəticələri -Gənclər siyasəti

Hər bir xalqın taleyi və inkişaf perspektivi ilk növbədə gənc nəslin bilik səviyyəsi, dünyagörüşü, milli dəyərlərə bağlılığı və vətəndaş məsuliyyəti ilə müəyyən olunur. İqtisadi göstəricilər, maddi resurslar və texnoloji nailiyyətlər nə qədər mühüm olsa da, həmin məsələlərin arxasında dayanan əsas qüvvə məhz insan kapitalıdır. Bu kapitalın əsasını isə gənclər təşkil edir. Enerjili, təşəbbüskar və yaradıcı gənclik cəmiyyətin dinamizmini təmin edir, inkişafın sürətini müəyyənləşdirir və dövlətin rəqabət qabiliyyətini artırır. Məhz buna görə gənclərə diqqət və qayğı sosial siyasətin tərkib hissəsi deyil, gələcəyə hesablanmış strateji kursun mühüm istiqaməti, sabit və dayanıqlı tərəqqinin əsas təminatıdır.

Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” tezisi bu siyasətin ideoloji və fəlsəfi əsasını təşkil edib. Həmin yanaşma gənclərə münasibətdə keyfiyyətcə yeni baxış formalaşdırdı, onların ictimai-siyasi proseslərin fəal iştirakçısı və aparıcı qüvvəsi kimi qəbul edilməsinə səbəb oldu. Məhz o dövrdən etibarən gənclərin təhsilinə, sosial müdafiəsinə, məşğulluğuna və vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verildi, bu istiqamətdə ardıcıl və sistemli dövlət proqramları həyata keçirilməyə başlandı.

Gənclərlə işin institusional əsasda qurulması məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması mühüm mərhələ oldu. Bu qurum gənclər sahəsində aparılan fəaliyyətin vahid mərkəzdən idarə olunmasına, dövlət proqramlarının koordinasiyalı şəkildə icrasına imkan verdi. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu isə gənclərlə açıq dialoq mühitini formalaşdırdı, onların təklif və təşəbbüslərinin birbaşa dövlət səviyyəsində müzakirəsinə şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixində imzaladığı Sərəncamla fevralın 2-sinin Gənclər Günü elan edilməsi gənclərə göstərilən diqqətin rəmzi ifadəsinə çevrildi. MDB məkanında ilk dəfə belə bir qərarın qəbul olunması dövlətin gənclərə xüsusi önəm verdiyini nümayiş etdirdi. Bu addım gənclərin cəmiyyətdəki rolunun rəsmən tanınması və onların təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdı. Sonradan BMT tərəfindən 12 avqustun Beynəlxalq Gənclər Günü elan edilməsi isə həyata keçirilən siyasətin beynəlxalq miqyasda da aktuallığını və müasirliyini təsdiqlədi.

Gənclər siyasətinin hüquqi bazasının formalaşdırılması istiqamətində də ciddi addımlar atıldı. “Dövlət gənclər siyasəti haqqında” qanun və müvafiq fərmanlar bu sahədə fəaliyyətin prioritetlərini müəyyənləşdirdi, dövlət strukturlarının məsuliyyətini konkretləşdirdi. İstedadlı gənclərin aşkar edilməsi məqsədilə “Qızıl kitab” təsis olundu, xüsusi təqaüdlər və mükafatlar verildi. Eyni zamanda, xarici ali məktəblərdə təhsil imkanları genişləndirildi və 2003-cü ildə 3000-dən artıq gənc dünyanın nüfuzlu universitetlərində bilik əldə edirdi. Bu addımlar gələcək kadr potensialının formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdi.

Sonrakı illərdə reallaşdırılan proqramlar gənclərin hərtərəfli inkişafına yönəldi. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması bu sahəyə diqqəti daha da artırdı, bölgələrdə genişmiqyaslı layihələrin icrasına təkan verdi. “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin inkişafı, sosial fəallığının artırılması üçün əlverişli mühit formalaşdırdı. Həmin mərkəzlər gənclərin bir araya gəldiyi, ideyalarını bölüşdüyü və özünü inkişaf etdirdiyi platformalara çevrildi.

2011-ci ildə Gənclər Fondunun təsis olunması gənclərin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından yeni mərhələni təşkil edir. Fond vasitəsilə yüzlərlə sosial, mədəni, elmi və innovativ layihə dəstəkləndi, minlərlə gəncin ideyası reallaşdırıldı. Bununla yanaşı, Gənclərin İnkişaf və Karyera Mərkəzləri yaradıldı, burada gənclərə peşə hazırlığı, təlimlər, karyera planlaşdırılması və məşğulluq imkanları təqdim edildi. “Yüksəliş” müsabiqəsi isə idarəçilik sahəsində savadlı və perspektivli gənclərin seçilərək irəli çəkilməsinə xidmət etdi.

Könüllülük hərəkatı da cəmiyyət həyatında mühüm yer tutmağa başladı. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi minlərlə gəncin sosial layihələrdə, beynəlxalq tədbirlərdə və ictimai təşəbbüslərdə fəal iştirakına şərait yaratdı. Könüllülük fəaliyyəti gənclərdə məsuliyyət, təşkilatçılıq bacarığı və vətəndaş mövqeyi formalaşdırdı, onların sosial inteqrasiyasını gücləndirdi.

Təhsil sahəsində həyata keçirilən proqramlar xüsusi strateji əhəmiyyət daşıyır. Xaricdə təhsil layihələri çərçivəsində 5000-dən artıq gənc dünyanın aparıcı ali məktəblərində oxumaq imkanı əldə edib. 2022–2028-ci illər üzrə proqram isə hər il yüzlərlə tələbənin bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almasını nəzərdə tutur. Bu siyasət yüksək ixtisaslı, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına, müasir bilik və texnologiyaların mənimsənilməsinə xidmət edir.

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Vətən müharibəsi zamanı gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və birlik nümunəsi bunun ən parlaq göstəricisidir. Onlar yalnız döyüş meydanında deyil, informasiya müstəvisində də fəallıq göstərərək milli maraqları qətiyyətlə müdafiə etdilər və tarixi qələbənin əldə olunmasında mühüm rol oynadılar.

İdman sahəsində yaradılan müasir infrastruktur da sağlam nəslin formalaşmasına töhfə verir. Son illərdə onlarla olimpiya kompleksi tikilib istifadəyə verilib, gənc idmançılar beynəlxalq yarışlarda yüksək nəticələr əldə edərək minlərlə medal qazanıblar. Bu nailiyyətlər sağlam həyat tərzinin təşviqi və fiziki inkişafın dəstəklənməsinin bariz nümunəsidir.

Bütün bu faktlar göstərir ki, gənclər siyasəti artıq ayrı-ayrı tədbirlərdən ibarət deyil, kompleks və məqsədyönlü inkişaf modelidir. Təhsil, məşğulluq, innovasiya, sosial fəallıq və vətənpərvərlik vahid sistemdə birləşdirilərək gələcəyin güclü insan kapitalı formalaşdırılır. Bu gün formalaşan savadlı, təşəbbüskar və müasir düşüncəli gənclik isə parlaq gələcəyin əsas təminatıdır.

Asif Əsgərov,
Milli Məclisin deputatı

Seçilən
1
4
ikisahil.az

5Mənbələr