2026-cı il yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması qlobal siyasətin yeni arxitekturasında mühüm bir mərhələ kimi qiymətləndirilir. Bu sənədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də imza atması ölkənin beynəlxalq münasibətlər sistemində artan çəkisinin, etibarlı tərəfdaş imicinin və regional aktordan qlobal oyunçuya doğru irəliləyən rolunun növbəti təsdiqidir. Bu addım Azərbaycanın qlobal söz sahibinə çevrildiyini göstərir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Sülh Şurası təşəbbüsü dünyanın müxtəlif bölgələrindən olan dövlətləri, siyasi liderləri və strateji tərəfdaşları bir platformada birləşdirərək qlobal təhlükəsizlik, münaqişələrin qarşısının alınması və siyasi dialoqun təşviqi məqsədi daşıyır. Müasir dünyada müharibələr, regional böhranlar, enerji və nəqliyyat marşrutları ətrafında gərginliklər fonunda belə bir platformanın yaradılması obyektiv zərurətdən doğur. Bu qurum klassik beynəlxalq təşkilatlardan fərqli olaraq, çevik qərarvermə, siyasi etimad və qarşılıqlı öhdəliklər üzərində qurulub. Yəni burada əsas məsələ təkcə formal üzvlük deyil, qarşılıqlı etibara əsaslanan strateji tərəfdaşlıqdır. Məhz bu kontekstdə Azərbaycanın Sülh Şurasına daxil olması xüsusi əhəmiyyət daşıyır", - o bildirib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan xarici siyasətdə nadir hallarda rast gəlinən balanslı və proqnozlaşdırıla bilən xətt yürüdüb. Rəsmi Bakı eyni zamanda Avropa İttifaqı, ABŞ, Rusiya, Çin, İslam dünyası və Türk dövlətləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirə bilib. Bu, böyük güclər arasında rəqabətin kəskinləşdiyi bir dövrdə çox az ölkəyə nəsib olan diplomatik bacarıqdır.
"Birincisi, enerji sahəsində öhdəliklərinə sadiqlik. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kimi nəhəng infrastruktur layihələri Azərbaycanın verdiyi sözə əməl edən tərəfdaş olduğunu sübut edib. İkincisi, tranzit və nəqliyyat sahəsində etibarlılıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Bakı limanı və Xəzər üzərindən keçən yük marşrutları Azərbaycanın qlobal logistika zəncirində mühüm həlqə olduğunu göstərir. Üçüncüsü, təhlükəsizlik və regional sabitlik məsələlərində ardıcıllıq. Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni reallıq yaradaraq sülh gündəliyini önə çəkib. İndi Bakı münaqişələrdən deyil, kommunikasiyaların açılmasından və əməkdaşlıqdan danışan paytaxta çevrilir. Azərbaycan artıq təkcə BMT və Qoşulmama Hərəkatı kimi klassik platformalarda deyil, yeni yaranan və gələcəyi formalaşdıran beynəlxalq təşəbbüslərdə də aktiv rol alır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakı bu qurumu faktiki olaraq yenidən canlandırdı, onu qlobal problemlərin müzakirə edildiyi real platformaya çevirdi. Pandemiya dövründə Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq zirvə toplantıları, inkişaf etməkdə olan ölkələrə humanitar yardım göstərilməsi və ədalətli qlobal paylanma çağırışları Bakının qlobal məsuliyyət hissini nümayiş etdirdi. Sülh Şurasına qoşulmaq da bu xəttin məntiqi davamıdır. Azərbaycan artıq qlobal proseslərin formalaşmasına təsir göstərən ölkədir", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın Sülh Şurasına daxil olması region üçün də yeni imkanlar açır.
"Cənubi Qafqaz uzun illər münaqişə və qeyri-sabitlik məkanı kimi tanınıb. İndi isə Azərbaycan bu regionu əməkdaşlıq, nəqliyyat, enerji və sülh zonası kimi təqdim edir. Sülh Şurasındakı iştirak Bakıya regional təşəbbüslərini qlobal platformada daha effektiv şəkildə irəli sürmək imkanı verir. Zəngəzur dəhlizi, Orta Dəhliz və Qara dəniz-Xəzər bağlantıları artıq təkcə regional layihələr deyil, beynəlxalq gündəliyin bir hissəsidir. Bundan əlavə, bu addım Azərbaycanın müstəqil siyasət yürüdən ölkə statusunu daha da möhkəmləndirir. Bakı heç bir blokun forpostu deyil, amma bütün əsas güc mərkəzləri üçün etibarlı tərəfdaşdır. Beynəlxalq siyasətdə ən qiymətli kapital etibardır. Azərbaycan məhz bu kapitalı illər ərzində formalaşdırıb. Bakının mövqeləri sərt ritorikadan çox praqmatizmə, emosiyadan çox hesablanmış qərarlara əsaslanır. Bu isə onu proqnozlaşdırılan tərəfdaş edir", - o bildirib.
A.Qarayev vurğulayıb ki, Sülh Şurası kimi platformalar məhz belə ölkələrə ehtiyac duyur - sözünün arxasında duran, daxili sabitliyi təmin edən və xarici siyasətdə məsuliyyətli davranan dövlətlərə.
"Azərbaycanın "Sülh Şurasının Nizamnaməsi"nə imza atması sadəcə bir diplomatik hadisə deyil. Bu, ölkənin beynəlxalq sistemdə qazandığı etimadın, nüfuzun və strateji çəkisinin rəsmi təsdiqidir. Azərbaycan artıq təkcə regional lider deyil, qlobal sülh və təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edən aktordur. Davosda atılan bu imza Bakının gələcəkdə daha böyük diplomatik, siyasi və iqtisadi platformalarda söz sahibi olacağının xəbərçisidir. Sülh Şurasında Azərbaycan kimi etibarlı tərəfdaşın yer alması isə bu qurumun özünün də gələcək effektivliyini artıran əsas amillərdən biri olacaq", - politoloq əlavə edib.