AZ

Yeni reallıqların lokomotivi Azərbaycandır - ŞƏRH

Bakı, 2 fevral, AZƏRTAC

Qırx dördgünlük Vətən müharibəsində qazandığımız Zəfər regionda yeni reallıq yaradıb. Bu yeni reallıq sülh və əməkdaşlıq üzərində qurulmaqla yeni bağlantı layihələrinin icrasını qaçılmaz edib. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlər Zəngəzur dəhlizinin açılması çərçivəsində həyata keçirilən TRIPP marşrutunun reallaşmasına yol açıb. Bu, Zəngəzur dəhlizi vasitəsilə enerji layihələrinin icrasını da aktuallaşdırıb. Biz Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu kimi baxmırıq. Zəngəzur dəhlizi, eyni zamanda, rəqəmsal, qaz və elektrik dəhlizi kimi də fəaliyyət göstərəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, bu il Azərbaycan Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz–Ağbənd dəmir və avtomobil yollarının tikintisini başa çatdırmağı planlaşdırır. Növbəti mərhələdə isə enerji dəhlizlərinin tikintisi reallaşacaq. Bu baxımdan Zəngəzur dəhlizinin seqmenti olan və Avropaya qədər uzanacaq yeni elektrik enerjisi marşrutu da reallığa çevrilir.

“Prezident İlham Əliyevin tapşırığı ilə tikintisinə başlanmış yeni enerji dəhlizi Naxçıvanı ölkəmizin əsas enerji şəbəkəsinə birləşdirməklə yanaşı, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji sisteminə inteqrasiyasına yol açacaq. Beləliklə, 74 kilometrlik Cəbrayıl–Ağbənd və 105 kilometrlik Naxçıvan–Ordubad ikidövrəli 330 kilovoltluq yüksəkgərginlikli elektrik xəttinin tikintisinə başlanması tarixi hadisədir. Tikintisinə başlanmış yeni elektrik xətti 1 giqavat yükötürmə qabiliyyətinə malik olmaqla Naxçıvanı fasiləsiz elektrik enerjisi ilə təmin edəcək və xarici asılılığı aradan qaldıracaq. Eyni zamanda, Naxçıvandan Türkiyəyə 230 kilometrlik 400 kV-luq ötürmə xəttinin çəkilməsi elektrik enerjimizin Avropaya ixracı üçün yeni marşrut formalaşdıracaq. “AzərEnerji” ASC yüksəkgərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisində böyük təcrübə qazanıb. Bu baxımdan Zəngəzur dəhlizi üzərindən çəkilən yeni xəttin tikintisi yüksək peşəkarlıq tələb edir. Çünki xəttin keçdiyi ərazi dağlıq olmaqla yanaşı, sərt relyefə malikdir”,- deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin uzaqgörənliyi ilə ərsəyə gətirilmiş bağlantı layihələri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin alternativsiz mənbəyinə çevirib. Ölkəmiz 2020-ci il dekabr ayında TAP layihəsini istismara verməklə 3 min 500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırıb və Xəzər dənizində hasil olunan təbii qazı Avropa İttifaqının bazarlarına çıxarıb. İndi isə iri elektrik enerjisi layihəsinin icrasına start verilməklə yaxın zamanda Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi də istismara veriləcək və istehsal etdiyimiz yaşıl enerjini Naxçıvan üzərindən Avropa bazarlarına çıxarmaq imkanına malik olacağıq.

Onun sözlərinə görə, son illərdə dünyada beynəlxalq bağlantı layihələrini icra edən ölkələrin sayı çox azdır: “Azərbaycan bu baxımdan dünyaya hərtərəfli nümunədir. Biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad edərək uzun illər düşmən olmuş Ermənistana sülh əlimizi uzatdıq. Müharibənin başa çatmasından sonra qısa müddət ərzində məğlub Ermənistan qalib tərəfin bütün tələblərini qəbul edərək təklif olunmuş sülh gündəliyini təsdiq etdi. Bu gün yaradılmış reallıqlar Ermənistana da beynəlxalq tranzit layihələrinin iştirakçısı olmaq imkanı qazandırır. Bu isə regionumuzda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Yeni reallıqların lokomotivi isə Azərbaycandır”.

Seçilən
0
2
azertag.az

3Mənbələr