AZ

Alıcı az, satıcı isə çoxdur – Mənzil qiymətləri ucuzlaşacaq?

Azərbaycan bazarında tikinti materiallarının qiymətləri son dövrlərdə artıb. Artım əsasən idxal olunan materiallarda müşahidə edilir.

 

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Pravda.az-a deyib ki, tikinti materiallarının qiymətinin yüksəlməsi evlərin qiymətinə birbaşa təsir göstərəcək:

Ekspert

“Bu, daha çox yeni tikilən bina və həyət evlərinə təsir edəcək. Tikinti xərcləri artdıqca mənzil bazarına təsir göstərir. Hazırkı dövrdə təsirin elə də güclü olacağına inanmıram. Belə ki, 2025-ci ilin dekabr ayından başlayaraq  mənzil bazarında nisbi sakitlik hökm sürür. Alıcıların sayı həddindən artıq azdır. Satıcılar isə çoxdur. Belə olduğu halda satıcılar arasında rəqabət yaranır. Real alıcı tapmaq baxımından rəqabət yaranmağa başlayır. Bu da qiymətin enməsinə səbəb olur. Necə ki, alıcı sayı satıcıdan çox olduğu zaman bazarda qiymət yüksəlməsi müşahidə edilirsə, eyni hal satıcılar arasında da yaranır. Ona görə hesab etmirəm ki, tikinti materiallarının qalxması hazırkı vəziyyətdə bazara güclü təsir edəcək. Bu məsələlər haqqında dəqiq bilmək olmur, ancaq hazırda bazarda olan vəziyyət budur”.

 

A.Nəsirov qeyd edib ki, əmlak bazarı özü-özünü tənzimləyir: “Alıcı və satıcı arasında olan balans, bazarın qiymətlərini tənzimlədiyi üçün indiki halda güman etmirəm ki, qiymətlər çox qalxsın. Gələcəyi bilmək olmaz, çünki hələ ilin əvvəlidir. Tikinti materiallarının bahalaşması təsirsiz ötüşməyə bilməz. Ümumiyyətlə, bazarda vəziyyət ürəkaçıcı deyil. Bazar bu tendensiya ilə davam edərsə, qiymətlərin gələcəkdə enməsini müşahidə edəcəyik. 2025-ci ilin orta aylarındakı vəziyyət təkrarlansaydı, qiymət artımı mənzil bazarına da dərhal təsir edərdi. Daşınmaz əmlak bazarının indiki vəziyyəti hələlik buna imkan vermir. Belə hallarda qiymətlərin enməsini daha çox müşahidə edirik”.

 

Şəhanə Quliyeva

Tarix: 2 Fevral 2026, 12:02   
Seçilən
6
pravda.az

1Mənbələr