AZ

Gənclər Prezidentin islahatlar kursunun çox mühüm qüvvəsini təşkil edir

“2 Fevral Gənclər Günü ölkəmizdə hər il gənclərimiz tərəfindən böyük coşqu ilə qeyd olunur. Xalqımızın xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub, bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı: "Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ulu Öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırıb, demokratik inkişafı təmin etməklə gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirib. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi müdrik dövlət xadiminin və Azərbaycan dövlətinin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz əyani göstəricisidir".

Millət vəkilinin sözlərinə görə, hazırda Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin müvafiq Sərəncamına əsasən 2007-ci ilin “Gənclər İli” elan edilməsi, bu istiqamətdə mühüm addımların atılması – çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub, növbəti illər üçün zəngin təcrübə və ənənələr formalaşdırıb. Bununla yanaşı, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul və dayanıqlı zəmin yaradıb. Digər tərəfdən, dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilatı-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə, Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm qərarlar verib, fərman və sərəncamlar imzalayıb. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramı, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" və digər bu kimi sənədlərin qəbul edilməsi isə gənclər siyasətinin səmərəliliyinin artırılmasına, bu yenilikçi və aparıcı qüvvənin potensialının Azərbaycanın inkişafına yönləndirilməsinə yeni və daha geniş imkanlar yaradıb.

Seçilən
7
4
publika.az

5Mənbələr