AZ

“32 ildir şəhid olan qardaşımı axtarırıq, atam oğul deyə-deyə getdi, anamın gözü hələ də yollardadır” - FOTO+ÖZƏL

“Qardaşım 1994 cü il yanvarın 30-da Tərtər rayonunun Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb. Bu günə kimi taleyi naməlum qalıb. Qəhrəman 1973 cü il mayın 6-da Bakı şəhərində anadan olub. 1979- cu ildən 182 sayll məktəbin 1 sinfinə getmiş,1988 ci ildə isə 9 illik təhsilini başa vurub 29 saylı peşə məktəbinə daxil olmuşdur. İstər orta məktəbdə, istərsə də peşə məktəbində təhsil aldığı müddətdə Qəhrəman öz mehribanlığı, səmimiliyi və düzgünlüyü ilə yoldaşlarının hörmətini  qazanmışdı. Fəal idi, hər zaman seçilməyə çalışırdı. Xarakteri belə idi, haqsızlığa dözmürdü. O zamanlar torpaqlarımızın 20 %i erməni tapdağında idi. Qəhrəman da vətənin müdafiəsi üçün könüllü olaraq Sumqayıt Hərbi Komissarlığına gedib, hərbi xidmətə yazılmışdı. Xidmətdə olduğu müddətdə öz çevikliyi, cəsurluğu, prinsipiallığı ilə seçilirdi. Xidmət etdiyi dövrdə o zamankı Xüsusi Təyinatlılara yazılır və təlim keçmək üçün Şubandağa gətirilir..Və 1994-cü ilin yanvarın 24 də döyüş bölgəsinə ezam olunur. Ağdərə, Füzuli, Marquşevan, Həsənqayadan Tərtərə qədər döyüş yolu keçən Qəhrəman yanvarın 29-dan 30-a keçən gecədə Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşə girir, 1-ci yüksəkliyi azad edirlər. 2-ci yüksəklik uğrunda gedən qızğın döyüşdə itkin düşür”.
 
Bunu Moderator.az-a açıqlamasında şəhid Qəhrəman Nəzərovun bacısı Suğra Vəliyeva deyib.
 
O daha sonra əlavə edib:
“Döyüş yoldaşlarının illər sonra danışdıqları xatirələrdə bildirirlər ki, Qəhrəman gözümüzün qabağında şəhid oldu. Amma çox təəssüf ki, nəşini ordan çıxarmaq mümkün olmadı. Müharibənin yazılmamış qaydaları var. 32 ildir gözümüz yolda, qulağımız səsdədir. 1997-ildən Nəzərov Qəhrəman şəhidlik statusu alıb. Uzun müddət apardığımız axtarışlara baxmayaraq, ondan bir xəbər əldə edə bilmədik. O zamanlar Qızıl Xaç cəmiyyətinə, Əsir və İtkin düşmüşlərlə iş üzrə Dövlət Komissiyasına müraciət etmişdik. Biz ailə üzvlərindən DNT analizi üçün nümunə də götürüblər. Artıq torpaqlarımız işğaldan azad olunub. Azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlar aşkarlanır, ordan tapılan qalıqlar ekskumasiya olunaraq ailələrinə təhvil verilir. Çox istərdik ki, bütün itkinlər tapılsın. Ana bacıların gözü yollardan yığılsın. 32 ildir şəhid olan qardaşımı axtarırıq, atam oğul deyə-deyə getdi, anamın gözü hələ də yollardadır. Biz itkin ailələrinin dərdi daha çox ağrılıdır, çünki şəhidlərimizin məzarı yoxdur. Anım günündə, mövlud günündə ziyarət edəcəyimiz bir məzar daşı yoxdur. Məzarsız Qəhrəmanlarımız qəlbimizdə əbədi yaşayır. Şəhidlər ölməz. Onlar qanı ilə torpağı Vətən etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, itkinlərimizin yeri aşkara çıxsın”, - deyə şəhidin bacısı bildirib.
Seçilən
12
moderator.az

1Mənbələr