AZ

Uğurlu gənc texnologiyanı inkişaf üçün istifadə etməlidir - QHT sədri

Hesab edirəm ki, uğurlu gəncin ilk növbədə hədəfi və məqsədi olmalıdır. O, verdiyi qərarların nəticəsini dərk etməli və daim öyrənməyə açıq olmalıdır. Təəssüf ki, bu gün zamanın əsas problemlərindən biri gənclərin vaxtlarının böyük hissəsini telefonlarda keçirməsidir. Bu, mənim subyektiv fikrimdir, lakin düşünürəm ki, uğurlu gənc texnologiyadan yalnız vaxt itkisi üçün deyil, inkişaf üçün istifadə etməlidir.

Bu fikirləri "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, uğurlu gənc texnikanın və rəqəmsal imkanların inkişafına yönəlməli, öz üzərində davamlı şəkildə işləməli və başqasının yolu ilə deyil, öz yolunu tapmağa cəsarət etməlidir. Bu xüsusiyyətlər onu digərlərindən fərqləndirir:

"Rəhbərlik etdiyim təşkilatların fəaliyyəti ilə bağlı isə qeyd etmək istərdim ki, mən eyni zamanda universitetdə müəllim kimi fəaliyyət göstərirəm və daim gənclərlə ünsiyyətdə oluram. Həm Gəncə Mediasiya təşkilatının, həm də “Təmas” Regional İnkişaf İctimai Birliyinin rəhbəri olaraq gənclərin könüllü fəaliyyətini dəstəkləyirik. Təşkilatlarımızda gənclərin liderlik bacarıqlarının inkişafı, ünsiyyət qabiliyyətinin artırılması, vaxtın düzgün idarə olunması, rəqəmsal və peşə bacarıqları üzrə təlim və seminarlar təşkil edirik. Eyni zamanda onların mədəni və şəxsi inkişafı üçün müxtəlif forumlar və maarifləndirici tədbirlər həyata keçiririk".

QHT sədri həmçinin bildirib ki, könüllülük proqramları vasitəsilə gənclərin təşəbbüskarlığını artırmağa, onları maraqlandıqları sahələr üzrə məlumatlandırmağa və fəallığa cəlb etməyə çalışırıq. Bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam etdiririk.

 

Pərvanə Fərhadqızı

Seçilən
15
qht.az

1Mənbələr