AZ

The Times: Makronun reklam etdiyi “Fransa istehsalı” eynəklər əslində italyan mənşəli imiş...

Yelisey sarayının təriflədiyi modelin satışları artsa da, istehsal yeri sual altına düşüb...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun son aylarda ictimai tədbirlərdə taxdığı və “Fransa istehsalı” kimi təqdim olunan gün eynəklərinin əslində italyan mənşəli olduğu üzə çıxıb. The Times nəşrinin yazdığına görə, Makronun mavi güzgülü linzaları olan Henry Jullien markalı aviator eynəklərlə bir neçə dəfə ictimaiyyət qarşısına çıxmasından sonra Yelisey sarayı bu modelin böyük uğur qazandığını və satışların kəskin artdığını xüsusi vurğulamışdı.

Məlumata görə, qiyməti 659 avro olan bu eynəkləri Fransa prezidenti sağ gözündəki damar partlamasını gizlətmək üçün taxıb. Rəsmi Paris həmin aksesuarı yerli istehsal nümunəsi kimi təqdim etsə də, sonradan onun mənşəyi ilə bağlı ciddi suallar yaranıb.

Rəsmi olaraq Maison Henry Jullien şirkəti Fransanın şərqində, Yura departamentində qeydiyyatda olsa da, brend 2023-cü ildə italyan iVision Tech qrupuna satılıb. Sövdələşmədən sonra istehsalın Fransadan kənara köçürüldüyü bildirilir.

Yerli optika sənayesi nümayəndələri isə vəziyyətin daha acınacaqlı olduğunu deyirlər. Yura bölgəsindəki eynək istehsalçıları həmkarlar ittifaqının rəhbəri Jülyen Forestye The Times nəşrinə açıqlamasında bildirib ki, bu eynəklər artıq Yura departamentində istehsal olunmur. Onun sözlərinə görə, bölgədə cəmi üç nəfər qalıb və onlar da yalnız satışdan sonrakı xidmətlə məşğuldurlar. Forestye qeyd edib ki, ən yaxşı halda bu məhsullar İtaliyada, ən pis halda isə Asiyada istehsal olunur.

Məsələ Fransa cəmiyyətində “yerli istehsal” anlayışının siyasi səviyyədə necə təqdim olunması ilə bağlı müzakirələrə yol açıb. Tənqidçilər hesab edirlər ki, prezidentin nümunə göstərdiyi məhsulun əslində ölkə daxilində istehsal olunmaması Fransa sənayesinin dəstəklənməsi ilə bağlı verilən mesajları zəiflədir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr