Gənclər siyasəti milli inkişafın tərkib hissəsi
kimi strateji əhəmiyyətə malikdir. Belə ki, uğurlu gənclər siyasəti gələcəyə
milli sərmayədir. Nəzərə alsaq ki, uzunmüddətli milli inkişafın təmin edilməsi
baxımından gənclər gələcək innovator və liderlərdir, bu sahədə əldə edilən istənilən
uğur davamlı milli inkişaf üçün sabit intellektual baza təmin edir.
Effektiv gənclər siyasəti eyni zamanda milli
kimlik hisslərinin formalaşmasına zəmin yaradır. Belə ki, gənc nəslə düzgün dəyərlər,
qanunun aliliyi hissi və sosial məsuliyyət hissi aşılamaq, sağlam vətəndaş mədəniyyəti
formalaşdırmaq üçün istiqamət verilir. Xüsusilə dil, mədəniyyət və tarix təhsili
sahəsində gənclər siyasəti milli mədəniyyətin və kimliyin qorunmasına, dəyərlərin
təhrif olunmasının qarşısını almağa kömək edir. Qloballaşma, rəqəmsallaşma və
sürətli dəyişikliklər kontekstində gənclərin düzgün yönləndirilməsi daha
vacibdir.
Azərbaycanda da gənclər siyasəti hər zaman
prioritetdir. Təsadüfi deyil ki, Azərbaycan bu sahədə bir çox ölkələri, o cümlədən
beynəlxalq ictimaiyyəti qabaqlayıb.
Belə ki, 1997-ci ildə Ümummilli Lider Heydər
Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra — BMT
Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq
Gənclər Günü elan edilib.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın
gələcəyi adlandıran Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərib. Ümummilli
Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin
göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ölkədə ardıcıl gənclər forumları keçirilməyə başladı.
Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda
tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının mühüm istiqamətlərindən biridir. “Hər bir gənc Azərbaycanın
dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün
çalışmalıdır və öz xidmətlərini göstərməlidir”,- deyən Ulu Öndərin imzaladığı
bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal
iştirakı üçün şərait yaratdı.
Ümummilli Liderin layiqli davamçısı Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gənclərin
potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadrlar kimi yetişməsinə,
gənc ailələrin sosial təminatına yönələn tədbirlər davam etdirilir.
Bu gün Azərbaycan gəncləri yüksək intellektə,
müasir dövrün texnoloji imkanlarından düzgün və çevik istifadə etmək bacarığına
malikdir.
Gənclərin idarəçilik sisteminə cəlb olunması,
liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün davamlı layihələr həyata
keçirilir. “Yüksəliş” müsabiqəsindən çıxan bir çox gənc artıq bu etimadı
doğruldub. Azərbaycan gənclərinin fəaliyyətinin stimullaşdırılması, onların
elmi və yaradıcılıq potensialının düzgün yönəldilməsi məqsədilə dövlət
proqramları icra olunub və bu proses davam edir. Azərbaycan gənclərinin İnkişaf
Strategiyası təsdiqlənib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondu yaradılıb.
Məhz bunların nəticəsidir ki, ölkəmizin daxili
və xarici siyasətinin həyata keçirilməsində gənclərimiz bu gün fəal rol
oynayırlar. Bütün sahələrdə idman, mədəniyyət, iqtisadiyyat, ictimai fəaliyyət
sahəsində onlar aktiv iş görürlər, ölkəmizi uğurla təmsil edirlər. Təsadüfi
deyil ki, 2013-cü ildən ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis
edilib və hər il müxtəlif fəaliyyət sahələrində xüsusi fərqlənən istedadlı gənclərimiz
bu mükafata layiq görülürlər.
Gənclərimiz həm də dünyada öz cəsarəti və vətənpərvərliyi
ilə seçilir.
Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz
sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini
bərpa etdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi
ərazi bütövlüyümüzün, sərhədlərimizin müdafiəsi uğrunda canını fəda etməyə
hazırdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, heç vaxt Qarabağı
görməyən, amma Qarabağ uğrunda, Vətən uğrunda ölümə getməyə hazır olan gənclər
yetişib.
Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa etdikdən sonra qalib ölkənin vətəndaşı kimi gənclərimizin
qarşısında yeni vəzifə və hədəflər müəyyənləşib. Prezident İlham Əliyevin də
söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə,
mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif
vədlərə aldanmamalıdırlar”.
Azərbaycan gəncliyi bu gün həm də informasiya
müharibəsinin ön cəbhəsindədir. Birgə səylər nəticəsində Azərbaycan informasiya
məkanında da üstünlük əldə edir.
Bu gün Azərbaycan gəncliyinin uğurları bir
daha təsdiqləyir ki, gənclər siyasəti strateji baxımdan dövlətin təhlükəsizliyi,
inkişafı və gələcək uğurları üçün əsas sütunlardan biridir.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı