AZ

“Anamı cavanlığımda başa düşmürdüm...” – Barat Şəkinskayanın 94 yaşlı qızı

“Bütün günü evdə oluram, heç yerə getmirəm. Heç nəyə həvəsim yoxdur”.

"Ölkə.az" xəbər verir ki, bunu musavat.com-a Azərbaycanın ilk qadın telerejissorlarından biri olan Solmaz Həmzəyeva deyib.

94 yaşlı rejissor bildirib ki, ev şəraitində özü-özünə qulluq edir:

“Hər işimi özüm görürəm. Heç qızıma da icazə vermirəm ki, gəlib mənə kömək etsin. İşimi başqası görsə, özüm öz gözümdən düşərəm. Arada televiziyaları izləyirəm. Bəzən Azərbaycan, bəzən isə rus kanallarına baxıram. Doğrusunu desəm, maraqlı heç nə yoxdur. Sadəcə olaraq, qulaq yoldaşım olsun deyə televizoru yandırıram. Səviyyəli veriliş yoxdu. Sırtıq adamlar efirə çıxır. İndi həyat da belə olub. Heç nəyin mənası yoxdur. Amma mənim gənclik dövrümdə hər şey başqa cür idi. Son 30 ildə tanınmış müğənni, bəstəkar yaranmadı. Varsa da mən bəyənmirəm. Nə bilim, bu dünyanın işindən daha başım çıxmır”.

S. Həmzeyeva cavanlıq illəri üçün darıxdığını deyib: “Həmin dövrlər üçün kim darıxmaz ki. Amma nə etmək olar, həyatdı da, yaşlandığımı qəbul edirəm. Mən yaşda olan insanı hər kəs başa düşməz. O vaxtı anam mən yaşda olanda mən də onu anlamırdım. Amma indi özüm o yaşdayam. Şükür edirəm ki, bu yaşa çatmışam və qızıma lazımam. Ona maddi və mənəvi dəstək oluram. Qızımın 73 yaşı olacaq, Milli Konservatoriyada dərs deyir.

Məni yaşımı təbii qəbul edirəm, harada qırılcaqsa, qırılacaq... Əsas odur ki, heş kimə yük olmayım. Ən çox xəstələnib yorğan-döşəyə düşməkdən, kiməsə yük olmaqdan qorxuram. Allah məni heç kimə möhtac etməsin. Mən yenidən cavan olmaq, həmin illərə geri qayıtmaq istəmirəm. Bəsimdir”.

Rejissor anasından da söz açıb: “İnsanı bircə itkilər incidir. Xatirələr onunla bağlıdır. Anamı tez-tez xatırlayıram. Anamla yaşayıram, hər saniyə onunla danışıram. Mən indi anamı başa düşürəm, cavanlığımda analamırdım. Bu hiss yaşlandıqca gəlir.

Qeyd edək ki, Solmaz Həmzəyeva Azərbaycanın tanınmış aktrisası Barat Şəkinskayanın və teatr rejissoru Mir İbrahim Həmzəyevin qızıdır. 

Seçilən
12
4
olke.az

5Mənbələr