Ramzan Kadirovun xəstə olması, oğlu və ehtimal olunan varisinin isə ağır yaralanması Putinin regionla bağlı planlarını təhlükəyə atır...
Poliqon xəbər verir ki, Çeçenistan rəhbərliyində yaranan səhhət problemləri Kremlin regionda hakimiyyətin davamlılığını təmin etmək planlarını sual altına qoyur. The Financial Times nəşrinin yazdığına görə, Çeçenistanın rəhbəri Ramzan Kadirovun xəstə olduğu, onun oğlu və ehtimal olunan varisi kimi göstərilən Adam Kadirovun isə ciddi şəkildə yaralandığı barədə məlumatlar var.
Nəşrin məlumatına əsasən, mövcud vəziyyət Kremlin Çeçenistanda qurduğu siyasi modelin sabitliyinə risk yaradır. Qeyd olunur ki, Moskva uzun illərdir regionda hakimiyyətin “idarə olunan varislik” prinsipi ilə ötürülməsinə üstünlük verib və Kadirov ailəsinin bu prosesdə əsas rol oynayacağı hesab edilirdi. Lakin liderin səhhəti və varis kimi irəli sürülən şəxslə bağlı iddialar bu strategiyanın zəiflədiyini göstərir.
Məsələ ilə bağlı nəşrə danışan siyasi analitik Ruslan Aysin bildirib ki, Çeçenistan rəhbərinin sağlamlıq durumu təkcə region daxilində qurulmuş idarəetmə sisteminə deyil, eyni zamanda Kremlin maraqlarına da birbaşa siyasi problem yaradır. Onun sözlərinə görə, Kadirovun illər ərzində formalaşdırdığı və varis mexanizmi ilə birlikdə qurduğu siyasi struktur hazırda dağılma həddinə çatıb.
Analitik qeyd edib ki, yaxın aylarda Çeçenistanda müxtəlif nüfuzlu fiqurların Moskvaya “ən uyğun varis” kimi təqdim olunması ehtimalı yüksəkdir. Aysinin fikrincə, bu ssenaridə iki əsas model önə çıxa bilər:
İdarəçi model – formal rəhbərlik başqa bir şəxsə verilir, Adam Kadirov isə qeyri-rəsmi “nominal lider” kimi saxlanılır;
Faktiki rəhbərlik modeli – hakimiyyət birbaşa real təsir imkanlarına malik yeni şəxsə ötürülür və regionun idarəsi faktiki olaraq onun əlində cəmlənir.
Politoloq əlavə edib ki, Kremlin məqsədi fors-major vəziyyətin və ya hakimiyyət boşluğunun yaranmasının qarşısını almaqdır. Lakin o, proseslərin Moskvanın istədiyi şəkildə inkişaf edəcəyinə zəmanət olmadığını vurğulayıb. Aysinin sözlərinə görə, Çeçenistanda silahlı qüvvələrin və müxtəlif güc strukturlarının çoxluğu fonunda Kadirovdan sonrakı dövrdə yeni gərginlik və hətta münaqişə riskləri istisna edilmir.
“Heç kim fors-major və ya hakimiyyət boşluğu istəmir… Amma bu o demək deyil ki, hər şey Kremlin istədiyi kimi gedəcək… Çeçenistanda çoxlu silahlı adam var… Kadirov getdikdən sonra yeni münaqişənin yaranmayacağına heç bir zəmanət yoxdur”, – deyə Aysin bildirib.
Poliqon.info