AZ

Yuri Vernidub: “Bizdə ulduz yoxdur, kollektiv var” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü “Neftçi”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandanın fiziki durumu yaxşı olarsa, gözəl oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdilər, bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular. Digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün – bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.

“Zirə” ilə oyun çətin idi. Həmin oyuna hazır deyildik. Orada psixoloji durum amili rol oynadı. Yoxlama matçlarında gözəl oynamışdıq, məhz bu gün oynadığımız kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynasın. O zaman mən də sakit, səbirli olacağam.

Freddi Varqasın zədəsinin nə dərəcədə ciddi olduğunu dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacağam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar.

“Qəbələ”yə böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
37
6
arena.az

10Mənbələr