İran parlamenti Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı hərəkətlərinə cavab olaraq Avropa ordularını terrorçu təşkilatlar kimi tanıdıqdan sonra Avropa səfirliklərində çalışan hərbi attaşeləri ölkədən çıxarmağı düşünür.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bazar günü parlamentin açıq iclasında Sədrlik Şurasının üzvü Əlirza Səlimi İranın Strateji Fəaliyyətlər Qanununa istinad edərək şifahi xəbərdarlıq edib.
Səlimi qanuna görə, Avropa ölkələrinin ordularının terrorçu qruplar kimi təsnif edildiyini və bu tərifin artıq rəsmi olaraq elan edildiyini və qüvvədə olduğunu bildirib. Bu əsasda o, hazırda İrandakı səfirliklərində olan bu ölkələrin hərbi attaşelərinin qanunla terrorçu hesab edildiyi üçün mümkün qədər tez ölkədən çıxarılmalı olduğunu bildirib. Millət vəkilinin sözlərinə görə, İran ərazisində terrorçulara sığınacaq vermək və ya belə şəxslərin hərbi attaşe adı altında ölkədə qalmasına icazə vermək qəbuledilməzdir.
Xəbərdarlığa cavab olaraq Parlamentin sədri Məhəmməd Baqer Qalibaf bu məsələnin parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsində müzakirə edilməli olduğunu açıqlayıb.
O əlavə edib ki, komitə bu məsələ ilə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə birgə məşğul olmalıdır.
Xatırladaq ki, İran parlamenti bazar günü Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu qara siyahıya salmaq qərarına cavab olaraq Avropa ölkələrinin ordularını daxili qanunvericiliyə əsasən terrorçu təşkilatlar kimi tanıyıb.
Zeynəb rzayeva