Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. "Araz-Naxçıvan" Mərdəkanda "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
İdman.Biz xəbər verir ki, bu, iki ukraynalı baş məşqçinin dueli kimi tarixə yazılacaq. Bir ay fərqlə Azərbaycanda çalışmağa başlayan iki mütəxəssis ilk dəfə üz-uz gələcək.
"Ağ-qaralar"ın sükançısı Yuri Vernidubun Andrey Demçenkoya sürpriz hazırlaması barədə soportinfo.az saytına məlumat daxil olub. Onun oyunlarda fərqli-fərqli taktikalardan istifadə edəcəyi bildirilir.
"Zirə" ilə qolsuz bitən ötən qarşılaşmanın analizini aparan təcrübəli mütəxəssis öz qənaətini köməkçiləri və klub funksionerləri ilə bölüşüb. Bildirib ki, sərəncamındakı heyətlə dominant futbol nümayiş etdirmək qeyri-mümkündür.
O, Samir Abasovun düzgün seleksiya işi aparmadığını, bu üzdən balansın təmin olunmadığını söyləyib. Əvvəlki komandalarında hücum oyununa üstünluk verdiyini xatırladan mütəxəssis qeyd edib ki, "Neftçi"nin kadr ehtiyatı "bir nömrə" kimi çıxış etməyə imkan vermir.
Vernidub rəqiblərin oyun stilinə uyğun taktika seçmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.