AZ

İran Avropaya ultimatum verdi — “Ordularınız terrorçu elan olunacaq!”

İranda Avropa İttifaqı ilə bağlı son dərəcə sərt və diqqətçəkən bəyanat səsləndirilib. Ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması ehtimalına qarşı açıq hədələyici mövqe ortaya qoyub.

NOCOMMENT.az xəbər verir ki, Qalibaf parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, əgər Avropa İttifaqı SEPAH-ı terror siyahısına daxil edərsə, buna cavab olaraq Avropa ölkələrinin bütün silahlı qüvvələri İran qanunvericiliyinə əsasən terrorçu qruplaşma kimi tanınacaq. Onun sözlərinə görə, bu addım “SEPAH-ın terror təşkilatı kimi tanınmasına qarşı əks tədbirlər haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq avtomatik qüvvəyə minəcək.

Parlament sədri vurğulayıb ki, mümkün eskalasiyanın bütün siyasi, hüquqi və beynəlxalq nəticələrinə görə məsuliyyət birbaşa Avropa İttifaqınun üzərinə düşəcək. Qalibaf bildirib ki, Tehran bu məsələdə geri addım atmaq niyyətində deyil və hər hansı qərar sərt qarşılıqla cavablandırılacaq.

Plenar iclasın sonunda isə gərginlik daha da artıb. Qalibaf çıxışını deputatlarla birlikdə anti-Amerika şüarları ilə tamamlayıb və zalda “Amerikaya ölüm olsun!” çağırışları səsləndirilib.

Qeyd edək ki, bu açıqlama İran–Qərb münasibətlərində onsuz da yüksək olan gərginliyi daha da dərinləşdirə biləcək ciddi siyasi mesaj kimi qiymətləndirilir.

Seçilən
18
nocomment.az

1Mənbələr