AZ

Ərindən bir köynək yaxınam sənə... Firidun Ağazadənin yeni şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün şair, tərcüməçi Firidun Ağazadənin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun “Badamdar dəftəri” silsiləsindən şeirlərini təqdim edir.

1. Biz, sevənlər…

Bilirsən, necə vuruluruq

biz sevənlər,

Azmış bir ümiddə

necə qovuruluruq

biz sevənlər...

Özümüzü aldatmaqdan

məgər heç yoruluruq

biz sevənlər?..

Sevmək gözəldir, qardaşım!

Vurulmaq gözəldir!

Di gəl ki, həmişə

ağrısı mənim,

nəşəsi

əğyar dediyimiz

itin-qurdun oldu.

Bu sevgiylə Kərəm olasıydım,

Gördüm ayıbdır,

Firidun oldum...

2010

2.

Mən Bayılda

bayıl-bayıl bayılıram,

Sən Badamdardan görmürsən?

Mən burdan səni görürəm,

Sən məni ordan görmürsən?

Elə belə gəlib belə gedəcək?

Sən əğyar evində ürəyi zəbun,

Məni bu sahildə həsrət didəcək?

Bu necə qismətdi, bu necə qanun? Arabir köksünü ötür dərindən,

Boylan körfəzə sarı.

Bilirsən, köksünü sulara çırpıb

Nə deyir qağayı çığırtıları?..

(2010)

3. Badamdarda bir həyət

(puşkinsayağı)

Küçənizdən keçirəm, üzü dönsün həsrətin,

İstəyirəm hirsimdən daş atım itinizə.

Qiyafəmi dəyişim, götürüm bir kəlbətin

Sayğac yoxlayan kimi gəlim həyətinizə.

O zivədən asılan kimin can köynəyidi?

Yanında da yellənir əğyarın zir-zibili...

Sən də, dalandar kişi, sorma kimin nəyidi -

Bir xanımı gəzirəm,

mən bilirəm, o bilir.

İstəyimdə əlbət ki, bir duel havası var,

Adı nəymiş?

Tutalım, Natalya Qonçarova.

Badamdarın mənimlə hər payız davası var,

Bu ev kimin evidi,

bu həyət kimin ola?..

Ümiddən naçarlığım, gümandan bezarlığım,

Bu sevgi bazarlığım bitməyən qəziyyədir.

Belə lütfkarlıqda nədir günahkarlığım? –

Susma daha, səbrimdə narıncı səviyyədir...

Durub yenə gəlmişəm, qoy bir az da göynəyim,

Payızda xatirələr nə yaman xiffət çəkir.

“Ərim üst köynəyimdi, sən isə can köynəyim” -

Mənə belə demişdin,

yadından çıxmayıb ki?..

4. Qayıtmaq

Kim dedi, qayıtmaq olmur,

məsələn, mən,

gör hardan hara qayıtdım.

Otuz il sonra

“Böyük Qayıdış” çərçivəsində

sənin yanına -

Badamdara qayıtdım.

Odur ki, yenə gəlmişəm,

muradım, meylim Badamdar.

Məni tanımağa nə var ki?

həsrətdən yaxa kartım var –

“Made in Badamdar”.

5.

Gərək məktublarını çap eləyim –

müəlliflik hüququ sənindir, əlbət.

sevgi rüsvalıqda gözəldir,

adsız-ünvansız qalmağına

nə hacət?

Onsuz da sizin Badamdarın

nə badamı var, nə badamdarlığı.

mənə həsrətkeşliyi rəva gördün,

evinizdəki adama - əğyarlığı.

Gərək çap eləyim məktublarını,

görsünlər, bir dəli eşq yaşamışıq.

görsünlər, kim sevib kimin yarını,

belə sevmək bilməz hər uşaq-muşaq.

Gərək məktublarını çap eləyim,

şantaj hesab eləmə,

demə bu nə oyundu?

sevgidən sarı vərəqə almışam -

bəs hirsimi necə soyudum?

(2010)

6. Sənin ağ-qara şəklin

Dünən yenə tənha idim,

sən yoxsan, mən hara gedim?

dünyanın sözünü dedim

sənin ağ-qara şəklinə.

Qoltuq cibimdə taxtı var,

hara getsəm diyar-diyar

gözlərim axtarar, baxar

sənin ağ-qara şəklinə.

Neynirəm əlvan rəngləri?

bu şəklin xoşuma gəlir.

baxdıqca gözüm dincəlir

sənin ağ-qara şəklinə.

Mən unutmam əhdi, andı

sən də unutma, amandı.

rəngli şəkillər qurbandı

sənin ağ-qara şəklinə.

7. Gilas üzərindən xatirə

Nazlı bibimizə gilas dərirdik,

ən yetişmiş gilaslar harda olur, bilirdik -

ağacın gün tutan yerində.

Sən mənimçün gilasın ən yetişmişi,

intəhası yetişdin

həsrətin gün tutan yerində.

Əğyar sevinməsin qoy!

Aşiq odur axırda gülə.

Əh, Qoşa Qala qapısında

Əğyarın “beləsi belə!”

8. Sən ağ, yarım şubada

“Yalandı kül olmaq, yalandı yanmaq,

Cəsarət gərəkdir ilk sevənlərə” – Məmməd Araz

Bu boyda cəsarətin

yarısı mənim idi,

sənin idi yarısı.

Travelers kafesinin

bizimdi sol yarusu.

Mən arzular yolçusu,

sən əğyarın qarısı.

Otuz ildən sonra sən

bir də gördüm gəlirsən.

Əynində yarım şuba,

yarım şuba, ağ şuba.

Gözlərindən oxudum:

“İnanmaram, ay toba!”

Çovğunlu fevral günü,

Bir az vardı axşama.

Bir də gördüm, gəlirsən,

Əynində var ağ şuba,

yarım şuba, ağ şuba.

Səbrim yaman tələsdi,

Sığındı ağuşuna.

Bir az da basdım gopa,

“Sən məni unudasan?!”

“İnanmaram, ay toba!”

Sənin ağ, yarım şuban

işıq səpir dörd yana.

Travelers kafesində

əğyarın canı çıxsın!

Qalsın da yana-yana!

Lap əlindən gələni

çəksin on-on beş qaba!

Gözlərindən öpəndə

Dodağın pıçıldadı:

“İnanmaram, ay toba!”

Kim deyir, ömür keçib,

Yaşımız altımışdı.

Otuz ildən sonra biz

Bu qəfil görüş ilə

Yaşı da aldatmışıq.

Kim nə deyir, qoy desin,

Az aşın duzu deyil

Sən nənəylə mən baba.

Sözünü geri götür,

İnan buna, ay toba!

9. Bir köynək yaxın...

Bu mövzuda Aleksandr Puşkinin də Natalya Qonçarovaya məhrəm bir şeiri var.

Gizlət gözlərini eynəyin altda,

Mən də bu sevgini qoy hələ danım.

Neçə xatirə var ürəyin altda,

Ərinin qolundan asılan xanım,

Ərindən bir köynək yaxınam sənə.

Vüsal bitirmədi bu eşq, neyləyək?

Dostluğa nə dersən, hərdən yazışaq.

Mənə dostluq göndər,

fevral gələndə

Sözlərin oduna barı qızışaq,

Əğyarın qolundan asılan xanım.

Aranı qarışıq görüb

sən necə

Üz qoydun üzümün üstə gizlicə?

Qoy yenə alışım, qoy yenə yanım!

Gecikmiş sevginin qoy üzü dönsün,

Əğyarın qolundan asılan xanım.

Üzümə üz qoydun...

Bəxtəvərlikdən

Az qala öldüm ki!

Ərinin qolundan asılan xanım.

Mən bu gün gördüm ki, bu gün gördüm ki,

Ərindən bir köynək yaxınam sənə.

Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında kitab çap olundu

Həmid Herisçi: "Şəxsən mən Pəhləvi şahlarının qurbanıyam..." - Müsahibə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
kulis.az

2Mənbələr