Ukrayna Prezidenti Volodimir Zelenski Kreml rəhbəri Vladimir Putinlə görüşmədən ərazi məsələsini həll etməyin mümkün olmayacağını bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə RBC-Ukrayna onun Çeski Rojlasla müsahibəsinə istinadən məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, ərazi məsələsi yalnız texniki qruplar tərəfindən həll edilə bilməz.
"Ən azı, Rusiya Federasiyası, onun lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan, mənim fikrimcə, komandalarımız ərazi məsələləri üzrə razılığa gələ bilməyəcəklər", - deyə V.Zelenski bildirib.
Bu kontekstdə o, üçnəfərlik görüşün vacibliyini də vurğulayıb, çünki ölkənin AB üzvlüyü və "könüllülər koalisiyası" Ukraynanın təhlükəsizlik zəmanətlərinin bir hissəsidir.
"Hazırda müharibənin sona çatması üçün 20 maddəlik plan mövcuddur və bu planda ərazi problemləri ilə bağlı ağrılı məsələlər qeyd olunur. Bir daha vurğulayıram ki, liderlərdən başqa heç kimin bu məsələləri həll edə biləcəyinə inanmıram", - deyə Ukrayna prezidenti izah edib.
O həmçinin deyib ki, sənəddə Avropa İttifaqına üzvlük nəzərdə tutulduğu üçün 20 maddəlik sülh planının təkcə ABŞ, Ukrayna və Rusiya tərəfindən deyil, həm də Aİ ölkələri tərəfindən imzalanması vacibdir./Oxu.az
Telegram kanalımız