AZ

Cəbhədə son vəziyyət: Ukrayna Xarkovda, Rusiya isə Pokrovskda irəliləyib

BAKI, 1 fevral. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin şimalında və Konstantinovka-Drujkovka taktiki istiqamətində irəliləyiş əldə edib. Eyni zamanda, Rusiya qoşunları Pokrovsk və Qulyaypole istiqamətlərində uğur qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilib.

Analitiklər yanvarın 30-na olan geolokasiya kadrlarına istinadən qeyd edirlər ki, Ukrayna ordusu Xarkovdan şimal-şərqdə yerləşən Nesternoe qəsəbəsinin şimal hissəsində irəliləməyə nail olub.

Bununla yanaşı, Ukraynanın 16-cı Ordu Korpusunun məlumatına görə, Rusiya tərəfi əlverişsiz hava şəraitindən istifadə edərək hücumların sayını artırıb. Bu taktika Ukrayna dronlarının fəaliyyətini çətinləşdirir və şəxsi heyətin yorulmasına səbəb olur.

Həmçinin bildirilir ki, Ukrayna hərbçiləri Rusiyanın Şebekino rayonundakı "TOS-1A" sistemlərinin zərbələrinə cavab olaraq, fiber-optik dronlar vasitəsilə Belqorod vilayətindəki "məhvetmə zonası"nı genişləndirirlər. Kupyansk istiqamətində isə Rusiya qüvvələrinin Petropavlovka və Kupyansk-Uzlovoy ərazilərinə sızma cəhdləri qeydə alınıb, lakin bu, cəbhə xəttində ciddi dəyişikliyə səbəb olmayıb.

Hesabata görə, Konstantinovka-Drujkovka bölgəsində hər iki tərəfin aktivliyi müşahidə olunur. Yanvarın 31-nə aid kadrlarda Ukrayna qüvvələrinin Yablonovkadan şimalda irəlilədiyi görünür. Rusiya ordusu isə Konstantinovkanın cənub-şərqində cüzi irəliləyiş əldə edib.

Pokrovsk istiqamətində Rusiya qoşunları daha nəzərəçarpacaq uğurlar qazanıb. Məlumata görə, Rusiya ordusu Pokrovskdan şərqdəki Balaqan kəndini ələ keçirib, Mirnoqradın mərkəzində və Qrişinodan cənubda, E-50 avtomagistralı boyunca irəliləyib.

ISW Rusiya qoşunlarının Qulyaypole istiqamətində irəlilədiyini təsdiqləyib. Xüsusilə, Dobropolye və Priluki kəndlərindən qərbə doğru irəliləyiş qeydə alınıb. Həmçinin, Svyatopetrovka kəndində Rusiya bayrağının qaldırıldığı kadrlar yayılıb, lakin analitiklər bunun hələlik tam nəzarət demək olmadığını, sızma əməliyyatlarının nəticəsi olduğunu bildirirlər.

Ukraynalı hərbi mənbələr isə Rusiya qüvvələrinin Konstantinovkanın cənub-şərq hissəsində möhkəmləndiyini və döyüşlərin tezliklə şəhər mərkəzinə keçmə riskinin olduğunu vurğulayırlar.

Seçilən
4
teleqraf.com

1Mənbələr