"Yuventus"un direktoru, əfsanəvi keçmiş futbolçu Corcio Kyellini Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri "Qalatasaray" və onun hücumçusu Viktor Osimhen barədə maraqlı açıqlama verib.
QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, Turin klubunun rəsmisi İstanbul təmsilçisinin gücünü xüsusi vurğulayıb:
"Bu, güclü oyunçuları olan komandadır. Biz hamımız Viktor Osimheni yaxşı tanıyırıq, lakin onların heyətində başqa vacib oyunçular da var".
Kyellini Osimhenə qarşı oynamaq ehtimalı barədə suala isə zarafatla cavab verib:
"Vaxtilə ona qarşı oynamaq istərdim. Amma bu gün onun qarşısında heç 2 dəqiqə də tab gətirə bilmərəm".
Xatırladaq ki, "sarı-qırmızılar"ın futbolçusu bu mövsüm yüksək oyun performansı sərgiləyir. O, Türkiyə Superliqasında 7, Çempionlar Liqasında isə 6 qola imza atıb.