AZ

"Hər şey rəqib üçün uğurlu alındı, bizim üçün isə əksinə" - Rəşad Sadıqov

"Zirə" Misli premyer-liqasının 17-ci tur matçında "Sabah"a uduzdu - 1:3.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 hesabıyla məğlub durumda idik. Halbuki oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə, rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belədə ilk hissədən sonra gözlənilməyən hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadı, sona qədər mübarizə apardı. Nəticədə standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyunlardan birini keçirdik. Sadəcə, rəqib son vuruşlarda dəqiq çıxış edirsə, nəticəni öz xeyrinə dəyişmək çətin olur.

- Adətən "Zirə" etibarlı müdafiə xətti ilə seçilir. Bu gün xırda səhvlər var idi. Bu, nə ilə bağlıdı?
- Burda rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdı. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışdı. Bu gün hər şey rəqib üçün uğurlu alındı, bizim üçün isə əksinə.

- "Sabah"ın ilk qolundan əvvəl futbolçularınız əllə oyun olduğunu deyirdi. Bunun komandanızın oyununa təsir etdiyini düşünürsüz?
- Düşünmürəm. Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə qələbə qazandı.

Seçilən
2
10
football-plus.az

10Mənbələr