Pezeşkian: Dövlət qurumları dinc etirazçıların səsini eşitməli, sosial problemlərə real həll tapmalıdır..
İran prezidenti Məsud Pezeşkian ölkədə dövlət strukturlarının cəmiyyətə münasibətinin yenidən qiymətləndirilməsinin vacibliyini bəyan edib. O, bu yanaşmanın xarici qüvvələrə İranın daxili işlərinə müdaxilə üçün bəhanə verməmək baxımından mühüm olduğunu bildirib.
Poliqon xəbər verir ki bu barədə Tasnim News Agentliyi məlumat yayıb.
Prezidentin sözlərinə görə, İranın əleyhdarları, o cümlədən “sionist rejim” və Qərbdəki himayədarları ölkədə sabitliyi pozmağa, ixtilafları dərinləşdirməyə və əhalinin sosial tələblərindən istifadə etməklə vəziyyəti gərginləşdirməyə çalışırlar. Pezeşkian qeyd edib ki, bu qüvvələr etiraz dalğasını daxili qarşıdurmaya çevirmək niyyəti güdür.
Dövlət başçısı vurğulayıb ki, hakimiyyət orqanları dinc etirazçıların tələblərinə diqqətlə yanaşmalı, vətəndaşların real sosial problemlərinin həlli üçün effektiv addımlar atmalıdır. Onun fikrincə, sosial narazılığın aradan qaldırılması həm ölkədaxili sabitliyin qorunmasına, həm də xarici qüvvələrin ictimai narazılıqdan siyasi məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılmasına xidmət edəcək.
Pezeşkianın çağırışı, son dövrlər ölkədə sosial-iqtisadi çətinliklər, işsizlik, qiymət artımları və ictimai narazılıqlar fonunda hakimiyyətin cəmiyyətlə münasibətlərini yumşaltmaq və etimadı gücləndirmək istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, rəsmi Tehranın daxili sabitliyi möhkəmləndirmək üçün ən mühüm amillərdən biri məhz sosial tələblərin vaxtında eşidilməsi və problemlərin dinc yollarla həllidir.
Poliqon.info