AZ

NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirdiyi brifinqdə 2025-ci ilin yekunları barədə geniş təqdimatla çıxış edib.

Aznews.az xəbər verir ki, rektor 2025-ci ilin NDU üçün uğurlar, yeniliklər və nailiyyətlərlə yadda qaldığını qeyd edib.

Bildirib ki, il ərzində universitet yalnız təhsil keyfiyyətinin yüksəldilməsi və tələbələrin elmi və sosial fəaliyyətlərinin inkişafı sahəsində deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, mədəniyyət və incəsənət sahəsində tədbirlərin təşkili, habelə beynəlxalq reytinqlərdə yüksək mövqelərin əldə edilməsi istiqamətində mühüm nəticələr əldə edib.

Universitet həm ölkə, həm də dünya miqyasında qabaqcıl layihələrdə iştirak edib, tədris və elmi keyfiyyətin yüksəldilməsi, tələbələrin uğurları, startap layihələri, beynəlxalq mərkəzlər və yeni elmi tədqiqat infrastrukturunun yaradılması ilə təqdirəlayiq nailiyyətlər əldə edib. Akademik heyətin təcrübəsinin artırılması məqsədilə bir çox yerli və beynəlxalq təlimlər təşkil olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025-ci ilin NDU üçün bir sıra strateji hədəflərin uğurlu icrası ilə yadda qaldığını qeyd edib, bütün istiqamətlərdə əldə olunan nəticələr barədə aşağıda sadalanan başlıqlar əsasında statistik məlumatları təqdim edib.

Elbrus İsayev çıxışında əvvəlcə təlim-tədris sahəsində qazanılan uğurlara diqqət çəkib.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinə tələbə qəbulu zamanı ilk dəfə olaraq 600–700 intervalında bal toplayan tələbələrin sayında ciddi artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bu göstərici 41 nəfərdən 152 nəfərə yüksəlib, onlardan 1 nəfər Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda 500-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrin sayı 337 nəfərdən 402 nəfərə çatıb. Dövlət sifarişi ilə qəbul olunan tələbələrin payı isə 46 faizdən 49 faizə yüksəldilib.

Bildirilib ki, yüksək göstəricilərə malik 142 nəfər tələbə ilk dəfə olaraq universitet tərəfindən təsis edilən 200 manat, 4 nəfər isə 250 manat məbləğində xüsusi təqaüdlə təmin olunub. Magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə magistrant qəbulu aparılıb.

2024/2025-ci tədris ilində universitet tarixində rekord məzun göstəricisi qeydə alınıb. Həmin il 1645 nəfər bakalavr, 230 nəfər magistrant və 21 nəfər rezident məzun olub.

2024–2025-ci tədris ilinin II yarısında universitet üzrə 1544 nəfər tələbə 43 müəssisəyə təcrübəyə göndərilib. Onlardan 443 nəfər pedaqoji, 1101 nəfər isə istehsalat təcrübəsi keçib. 2025–2026-cı tədris ilinin ikinci yarısında keçiriləcək təcrübələr üçün Naxçıvan Muxtar Respublikasının 38 dövlət və özəl müəssisəsi ilə danışıqlar aparılıb və müqavilələr imzalanıb. Həmçinin 2024–2025-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə 39 nəfər tələbə Naxçıvan MR Ali Məclisində təcrübə keçib.

Məlumata görə, ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin təcrübə bazalarında tərcümə ixtisasları, Mərkəzi Gömrük Hospitalında "Tibb" ixtisası, ARETN yanında Torpaqşünaslıq və Aqrokimya İnstitutunda isə "Torpaqşünaslıq və aqrokimya" ixtisasında təhsil alan tələbələrin təcrübələri təşkil olunub. Bundan əlavə, Türkiyə Respublikasının Qars Qafqaz Universitetində "Baytarlıq təbabəti" ixtisası üzrə 3, Trabzon Texniki Universitetində isə "Energetika mühəndisliyi" ixtisası üzrə 7 tələbənin təcrübəsi keçirilib.

İyul ayında tələbə, həkim və rezidentlər də daxil olmaqla 300 nəfərdən ibarət tələbə və müəllim heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində – Hacettepe, Qazi, Ankara və Yeditəpə universitetlərində yay istehsalat təcrübələrində və ixtisasartırma kurslarında iştirak edib.

Əcnəbi tələbələrin qəbulu üzrə ölkələrin sayı 14-dən 22-yə çatdırılıb. Universitet 1800 nəfər əcnəbi tələbə ilə bu göstərici üzrə ölkə liderliyini qoruyub saxlayıb. 2025-ci ildə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində 12 əcnəbi tələbə qəbul edilib. Həmçinin universitetdə tədrisi ingilis dilində aparılan 7 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və nəticədə 121 nəfər həmin ixtisaslara qəbul olunub.

Rektorun sözlərinə görə, 2025-ci ildə universitetdə bir sıra yeni mərkəzlər ilk dəfə istifadəyə verilib. Bunlar Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futurologiya Mərkəzi, eləcə də Konservatoriyada Elektron Filarmoniya – LOLA sistemidir.

Qeyd olunub ki, LOLA sistemi musiqiçilər və təhsil müəssisələri üçün aşağı gecikməli (low latency) onlayn ifa və əməkdaşlıq platformasıdır. Dünya üzrə cəmi 30 universitetin konservatoriyasında bu platforma mövcuddur və onlardan biri NDU-da fəaliyyət göstərir.

Elbrus İsayev 2025-ci ildə universitetdə elmi tədqiqat sahəsi üzrə əldə olunan nəticələr barədə məlumat verib.

Rektor bildirib ki, Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi tədqiqatla məşğul olan tələbələrin sayı əyani təhsil alan tələbələrin 24 faizinə çatıb. Bu çərçivədə tələbələrin onlarla elmi məqaləsi xarici və respublika jurnallarında, eləcə də konfrans materiallarında nəşr edilib. Tələbə məqalələrinin bir neçəsi Scopus bazalı, yüksək impakt faktorlu jurnallarda dərc olunub.

Elbrus İsayevin sözlərinə görə, 2025-ci il ərzində universitetdə bir sıra startap layihələri də reallaşdırılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında keçirilən "İnnostart" layihəsinin "Grand Final" mərhələsində NDU-nun startapçıları uğur qazanıblar. Ümumilikdə 4 komanda qalib gəlib ki, onlardan ikisi Naxçıvan Dövlət Universitetini təmsil edib. "ImYen" və "Specdeaf" komandalarının hər biri 12 500 manat məbləğində investisiya dəyərində mükafat əldə edib. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak etmək hüququ qazanıblar. Rektor qeyd edib ki, "İnnostart" müsabiqəsi çərçivəsində universitetin iki tələbə komandası ayrı-ayrılıqda 12 500 manat məbləğində investisiya əldə edib və 2025-ci ildə tələbə komandalarının ölkədaxili və beynəlxalq startap yarışları üzrə qazandığı mükafatların ümumi dəyəri 40 000 manat təşkil edib.

Rektorun açıqlamasına əsasən, 2025-ci ilin nəticələrinə görə universitet üzrə 3000-dən çox elmi nəşr qeydə alınıb. Bunların 150-si monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və metodiki vəsaitlərdən ibarət olub. Nəşr olunan 2000-dən çox məqalənin 1300-ü xaricdə dərc edilib və onlardan 300-dən çoxu Web of Science və Scopus bazalı nüfuzlu jurnallarda yer alıb. 600-dən çox tezisin isə 370-i xarici nəşrlərdə çap olunub. Bir akademik heyətə düşən nəşr sayı 5-dən çox olub. Elbrus İsayev bildirib ki, qeyd edilən bütün göstəricilər əvvəlki illərlə müqayisədə rekord nəticələrdir və 2025-ci ildə Scopus və Web of Science bazalarında yer alan nüfuzlu nəşrlərin sayı universitetin əvvəlki bütün dövrlər üzrə cəmi nəşr sayına çatıb.

Elbrus İsayev həmçinin vurğulayıb ki, ilk dəfə olaraq beynəlxalq kitabxana bazalarına – EBSCO, Clarivate (ProQuest Ebook Central, ProQuest Dissertations & Theses, ProQuest Multimedia) və Taylor & Francis platformalarına giriş imkanı yaradılıb və üzvlük sənədləri təsdiq edilib. Bununla da beynəlxalq elektron bazalardan istifadə imkanı bütün ixtisasları əhatə etməklə təxminən 40 milyona yaxın resursa çatdırılıb.

Rektor 2025-ci ildə universitetdə beynəlmiləlləşmə istiqaməti üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.

Rektor bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi universitetin əsas strateji prioritetlərindən biri olub.

Elbrus İsayevin sözlərinə görə, Türkiyənin Çankırı Karatekin Universiteti ilə ikili diplom proqramının icrası davam etdirilib. Eyni zamanda Macarıstanın Con fon Neyman Universiteti ilə kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Amerikanın Corc Vaşinqton Universiteti ilə "Səhiyyənin idarəedilməsi" ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb. İstanbul Universiteti ilə isə "Türk Dünyası Tarixi" və "Strateji İdarəetmə" ixtisaslarını əhatə edən iki magistratura proqramı üzrə ikili diplom protokolu rəsmiləşdirilib.

Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universiteti "GreenMetric" beynəlxalq reytinq cədvəlində ölkə üzrə ilk 10-luqda, dünya üzrə isə ilk 700 universitet sırasında yer alıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində ölkədə ilk dəfə olaraq 2025–2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində "Tibb" ixtisası üzrə SABAH qruplarının ingilis dili bölməsi fəaliyyətə başlayıb və müsabiqə yolu ilə tələbə qəbulu aparılıb.

Elbrus İsayevin verdiyi məlumata əsasən, əsas prioritet istiqamətlər üzrə dünyanın müxtəlif ölkələrindən nüfuzlu universitetləri təmsil edən 50 əcnəbi professor universitetdə tədrisə cəlb olunub. Həmçinin Acıbadem Universiteti ilə ikitərəfli akademik əməkdaşlığa dair protokol imzalanıb.

2025-ci il ərzində Macarıstan parlamentinin vitse-spikeri Sandor Lejakın və TÜRKSOY-un baş katibi Sultan Raevin universitetə rəsmi səfərləri təşkil edilib, heyətlə görüşlər keçirilib. NDU TÜRKÜNİB-ə (Türk Universitetlər Birliyi) üzv seçilib və ORHUN mübadilə proqramına qoşulub.

Rektor bildirib ki, NDU-nun IELTS Qeydiyyat və İmtahan Mərkəzində 97 nəfər, SAT Qeydiyyat və İmtahan Mərkəzində isə 68 nəfər imtahan verib. TIES beynəlxalq təqaüd proqramı çərçivəsində Hacettepe Universitetinə 10 tələbənin bir semestrlik mübadiləsi reallaşdırılıb, ümumilikdə isə 50 tələbə müxtəlif mübadilə proqramlarında iştirak edib.

Elbrus İsayev həmçinin vurğulayıb ki, 20 əcnəbi tədqiqatçı universitetdə ortaq elmi tədqiqatların aparılmasına cəlb edilib. 2025-ci ilin aprel ayında isə 6 ölkədən 21 əcnəbi professorun iştirakı ilə beynəlxalq təlim aylığı təşkil olunub. Tədbirlərdə 1500-ə yaxın tələbə, müəllim və ictimaiyyət nümayəndəsi iştirak edib.

2025-ci ildə sosial və mədəni sahə üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verən rektor bildirib ki, bu istiqamətdə görülən işlər universitet həyatının zənginləşdirilməsinə və tələbə-müəllim mühitinin daha da inkişafına xidmət edib.

Elbrus İsayevin sözlərinə görə, Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq tələbə və müəllimlərdən ibarət "Qədim Xalq Çalğı Alətləri" ansamblı yaradılıb. Eyni zamanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Azərbaycan film musiqilərindən ibarət NDU Simfonik Orkestrinin konsert proqramı Naxçıvan şəhər Heydər Əliyev Sarayında təqdim edilib.

Rektor qeyd edib ki, NDU-nun təşkilatçılığı ilə türkiyəli astrofizik alim, NASA mütəxəssisi, ODTÜ alimi Umut Yıldız Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər edib. Onun iştirakı ilə Heydər Əliyev Sarayında universitetin Simfonik Orkestrinin ifasında "Kosmosun səsi" adlı elmi-musiqili konsert proqramı nümayiş olunub.

Elbrus İsayevin verdiyi məlumata əsasən, professor İlber Ortaylının universitetdə mühazirələri təşkil edilib, həmçinin Heydər Əliyev Sarayında Naxçıvan ictimaiyyəti ilə görüşü keçirilib.

Rektorun sözlərinə görə, NDU-nun təşkilatçılığı ilə növbəti Karyera Sərgisi təşkil olunub. Sərgidə 640 vakant iş yeri təqdim edilib və tədbir çərçivəsində 132 nəfər yerində işlə təmin olunub.

Rektor qeyd edib ki, 2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinə yeni işə qəbul olunanların sayı 252 nəfər olub. Bu, son 5 ilin ən böyük rəqəmidir.

NDU-nun idmanın müxtəlif sahələrində davamlı nailiyyətlər əldə etməsini vurğulayan rektor bildirib ki, 2025-ci ildə universitetin 24 tələbəsi müxtəlif idman yarışlarında iştirak edib, onlardan 13 nəfər bu yarışlarda qalibiyyət qazanıb.

Seçilən
2
3
aznews.az

4Mənbələr